Şirin möcüzə
Çoxçiçəkli bal erkən yaşlanma və ultrabənövşəyi şüalanmanın yaratdığı zərərlərə qarşı yeni dəri qoruyucu məhsullarının əsasını təşkil edə bilər.
“Cebheinfo.az” “Medical Xpress”-ə istinadən xəbər verir ki, təbii birləşmələrin insan dəri hüceyrələrinə təsirini araşdıran Sassari Universitetinin tədqiqatçıları bu nəticəyə gəliblər.
Alimlər aşkar ediblər ki, balın az konsentrasiyası dəri hüceyrələrinə UB şüalanmasının yaratdığı stresslə daha yaxşı mübarizə aparmağa kömək edir, antioksidant müdafiəni gücləndirir və hüceyrə qocalması ilə əlaqəli prosesləri ləngidə bilər.
Professor Margerita Majolinin komandasından olan tədqiqatçı Dr. Fikriyə Fulya Kavak yüksək keyfiyyətli çoxçiçəkli balın xüsusilə dəri hüceyrələrinə ölçülə bilən qoruyucu təsir göstərə biləcəyini sınaqdan keçirmək qərarına gəlib.
Dəri bədənin xarici mühitə qarşı əsas maneəsidir, lakin günəşdən gələn ultrabənövşəyi şüalanma dərinin qocalmasını sürətləndirir, hüceyrə stressinə səbəb olur və dəri xərçənginin inkişafına kömək edə bilər.
Təcrübə üçün alimlər müxtəlif növ insan dəri hüceyrələrini - dəri kök hüceyrələrini, fibroblastları və keratinositləri yetişdiriblər. Onlar canlı dərinin vəziyyətini simulyasiya edən xüsusi bioreaktor sisteminə yerləşdiriliblər.
UB işığına məruz qalmazdan əvvəl bəzi hüceyrələr 48 saat ərzində 1%-li çoxçiçəkli bal məhlulu ilə müalicə edildi. Daha sonra tədqiqatçılar müalicə olunmuş və müalicə olunmamış hüceyrələrin UB stresinə reaksiyasını müqayisə ediblər.
Nəticələr göstərib ki, bal dəri hüceyrələrinə müdafiə mexanizmlərini aktivləşdirməyə kömək edir. Kök hüceyrələrində toxuma yenilənməsi və bərpası ilə əlaqəli genlərin aktivliyi artmış, yaşlanma ilə əlaqəli bəzi genlərin aktivliyi isə azalıb.
Bundan əlavə, müalicə olunmuş hüceyrələr iltihab stressi ilə əlaqəli bir maddə olan daha az azot oksidi istehsal etmiş və daha yüksək antioksidan aktivlik nümayiş etdirib.
Tədqiqatçıların fikrincə, bal təkcə zədələnmənin bərpasını stimullaşdırmaqla yanaşı, həm də UB şüalarına məruz qaldıqdan sonra hüceyrələrin daha sabit vəziyyətini qorumağa kömək edib.
Alimlər bu təsirin molekulyar mexanizmlərini öyrənməyə davam edirlər və hazırda gen aktivliyindəki dəyişikliklərin hüceyrələr daxilində protein səviyyəsində əks olunub-olunmadığını yoxlayırlar.
Xəzər
“Cebheinfo.az”

