“Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” mövzusunda seminar keçirilib

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
12 iyun 2025-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 200-ə yaxın şagirdi və müəllim heyəti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvləri Məleykə Hüseynova və Şəhla Xəlilli iştirak ediblər.
Məleykə Hüseynova tədbirdə layihə və mövzu ilə bağlı təqdimatla çıxış edərək mədəni irsin milli və beynəlxalq səviyyədə qorunması ilə bağlı geniş məlumat verib. Məruzədə mədəni irs anlayışı, onun qorunması ilə bağlı yerli qanunvericilik və beynəlxalq hüquqi sənədlər, sahədə fəaliyyət göstərən səlahiyyətli dövlət qurumları və beynəlxalq təşkilatlar, qəbul olunmuş əsas beynəlxalq konvensiyalar, eləcə də Azərbaycanın bu sahədəki qanunvericilik aktları və beynəlxalq əməkdaşlıq təcrübəsi ətraflı şəkildə təqdim olunub.
Məleykə Hüseynova əlavə edib ki, layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraqlı tərəflər cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcək. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, eləcə də müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir.
Sonra seminar interaktiv formada davam etdirilib.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
"Cebheinfo.az"