"Məktəbli avtobusu" layihəsinin üstünlükləri nədir?

"Məktəbli avtobusu" layihəsinin üstünlükləri nədir?

“Təhsil və keyfiyyət baxımından "Məktəbli avtobusu" layihəsinin ən böyük təsiri, düşünürəm ki, məhz rayon məktəblərində hiss olunacaq. Bu təşəbbüs bölgələrdə təhsil keyfiyyətinin yüksəlməsinə paytaxt məktəblərinə nisbətən daha çox töhfə verəcək”.

Bunu təhsil eksperti Elçin Əfəndi "Cebheinfo.az"a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayevin "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi ilə bağlı çıxışına münasibət bildirərək qeyd edib.

Onun sözlərinə görə, bunun üstün tərəfləri çoxdur, həmçinin, xərc baxımında daha əlverişli imkanlar yaradacaq:

“Elm və Təhsil Nazirliyinin qeyd etdiyi kimi, "Məktəbli avtobusu" layihəsi həm paytaxt, həm də bölgə məktəbləri üçün nəzərdə tutulur. Xüsusilə bölgə məktəblərində bəzi təhsil müəssisələrində şagird sayı azdır. Bu səbəbdən, həmin məktəblərin birləşdirilməsi nəticəsində bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə şagirdlərin rahat daşınmasını təmin etmək məqsədilə məktəbli avtobusları istifadəyə veriləcək.

Məsələn, əgər bir məktəbdə cəmi 8-10 nəfər şagird təhsil alırsa, bu, həmin məktəbin saxlanması üçün yüksək maliyyə xərcləri tələb edir. Amma məktəbli avtobuslarının köməyi ilə həmin şagirdlər 6-10 km məsafəyə daşınaraq, daha az xərc hesabına daha böyük, 20-25 nəfərlik auditoriyada və məktəbdə təhsillərini davam etdirə bilərlər.

Bu yanaşma həm maliyyə baxımından qənaətcil olacaq, həm də şagirdlərin daha geniş və keyfiyyətli təhsil imkanlarından faydalanmasına şərait yaradacaq. Xüsusilə bölgələrdə məktəblərin birləşdirilməsi yolu ilə həyata keçirilən bu layihə, təhsil səviyyəsinin yüksəldilməsinə və şagirdlərin daha yaxşı təhsil imkanlarına sahib olmasına kömək edəcək”.

O bildirib ki, bu layihə təhlükəsizlik, dərsə davamiyyət, tıxac və ümumi təhsil keyfiyyətinə müsbət təsir göstərək:

“Paytaxt məktəblərində məktəbli avtobuslarının tətbiqi, eyni zamanda, yol-nəqliyyat sistemində sıxlığın qarşısının alınmasına da hesablanmış bir addımdır.

O cümlədən də şagirdlər üşün rahat gediş imkanıdır. Hazırda valideynlər övladlarını şəxsi avtomobillərlə məktəbə aparıb-gətirirlər ki, bu da məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur. 

Lakin məktəbli avtobusları müəyyən məntəqələrdən şagirdləri toplayaraq, birbaşa təhsil müəssisələrinə çatdıracaq. Dərs bitdikdən sonra isə yenidən eyni qaydada onların evlərinə qayıtması təmin ediləcək.

Bundan əlavə, paytaxt yollarında avtobus zolaqlarının mövcudluğu nəqliyyatın daha effektiv idarə olunmasına imkan yaradır. Şagirdlərin dərsə gecikmə halları azalacaq, davamiyyət yaxşılaşacaq və ümumi təhsil keyfiyyəti daha da yaxşılaşacaq”.  

Əfsanə Rəcəb
“Cebheinfo.az”