Məktəbli forması bu il UCUZLAŞACAQ?

Məktəbli forması bu il UCUZLAŞACAQ?

2025/2026-cı il tədris ilinin yaxınlaşması ilə bağlı yeni məktəbli formalarının satışına başlanılıb.

Hər il olduğu kimi, valideynlər bu vaxtlarda uşaqlarına uyğun, həm də keyfiyyətli məktəbli formalarını seçmək üçün mağazalara axışır.

Məhz valideynlər keyfiyyətlə yanaşı, uşaqlarının rahat hərəkət etməsini təmin edəcək formaları seçməyə çalışır.

Bəs məktəbli formalarının satışı nə vaxtdan başlayıb və qiymətlərdə dəyişiklik olacaqmı?

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sualını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, artıq məktəbli formalarının satışına başlanılıb və qiymətlərdə də müəyyən endirimlər mövcuddur:

“Azərbaycanda yeni tədris ilinin yaxınlaşması ilə bağlı məktəbli formalarına təlabat artığı üçün satışa çox sayda forma çıxarılıb. Lakin məktəbli formalarının satışı ilboyu həyata keçirilir.

Belə ki, tədris müddətində uşaqların boyu uzandıqca, kimisinə köynək, kimisinə də jaket lazım olur. Buna görə də bizim bütün satış mərkəzlərimiz ilboyu fəaliyyət göstərir.

Bildirim ki, məktəbli formalarının qiymətində müəyyən dəyişikliklər var. İyulun 1-dən formaların qiymətində nəzərəçarpaçaq endirimlər var. Belə ki, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər 30 manatdan 20 manata endirilib, bu da təxminən 25-33 % endirim deməkdir.

Həmçinin, polo köynək qısaqol - 12 manatdan 8 manata, polo köynək uzunqol isə 12 manatdan 10 manata endirilib. Bütün məktəbli formalarının satışında endirimlər mövcuddur. Hazırda geyimlər maya dəyərinə yaxın intervalda satılır”.

Gülər
“Cebheinfo.az