Nəhayət: Bakının tıxacı bitir 

Nəhayət: Bakının tıxacı bitir 

Bakıda sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər.

Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq.

Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər.

Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur.

Bəs bu tətbiq tıxacın qarşısını almaq üçün nə qədər effektiv olacaq?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, yaradılan proqram həm piyadalar, həm də nəqliyyat istifadəçiləri üçün olduqca faydalı olacaq:

“Tıxacların aradan qaldırılması məsələsi ilə bağlı mənim də təkliflərim olub və dəfələrlə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində bu mövzunu müzakirə etmişik.

Müxtəlif naviqasiya proqramları Bakı şəhərində, həmçinin respublikanın digər ərazilərində sürücülərə kömək olur, yəni bu proqramlar vasitəsilə sürücülər tıxacsız yollar barədə vaxtında məlumat ala bilirlər.

Belə olduğu halda, sürücülər niyə "Waze" və onun kimi proqramların ümidinə qalmalıdır? Bu məsələləri özümüz həll edə bilmərik? Müzakirələr nəticəsində qərar verildi ki, sürücülərimiz "Waze" proqramında tıxacsız yollar haqqında məlumat əldə edə bildikləri halda, özümüzün hazırladığı proqramlar da onların işinə yaraya bilər.

Hazırlanan proqram vasitəsilə sıxlıq olan yollar haqqında məlumat əldə edə biləcəyik. İşlər elektron xəritə üzərindən həyata keçirilir.

Ləman İsmayıl
Cebhe.info