Musa Quliyev: “Onların iş yeri və maaşı 6 ay saxlanılacaq”

Musa Quliyev: “Onların iş yeri və maaşı 6 ay saxlanılacaq”

“Sertifikasiya imtahanları, onların nəticələri barədə müsbət qərar qəbul olunmadığı halda işçinin əmək fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi açıq qalırdı və bununla bağlı bizə müraciətlər olurdu”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.

“Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq”, - deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin iş yeri və maaşı 6 ay saxlanılacaq. Həmin tibb işçilərinə 6 ay sonra yenidən imtahan vermək imkanı yaradılacaq. 

Qeyd edək ki, bununla bağlı tibb mütəxəssislərinin sertifikasiya şəhadətnaməsini əldə etmələri ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

"Cebheinfo.az"