Sertifikasiyanın üzə çıxardığı gerçək: Kolleclər bağlana bilər

“Bu gün Azərbaycanda xarici dil müəllimlərinin bilik və bacarıqları yetərli qədər deyil. Hətta onlar arasında kifayət qədər insan orta ixtisas təhsillidir və onların fəaliyyət göstərdiyi məktəblərə baxanda görmək olur ki, buraxılış imtahanında şagirdlərin nəticələri orta göstəricidən aşağıdır”.
Bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. Qeyd edək ki, son vaxtlar orta ixtisas təhsili müəssisələrinin, kolleclərin fəaliyyəti heç də birmənalı qarşılanmır. Belə ki, sovet dövründəki təhsil sistemindən fərqli olaraq, artıq orta ixtisas təhsili müəssisələrinin müasir təhsil sistemi ilə ayaqlaşmadığı deyilir. Son illər isə bu sahədə digər bir proses kimi kolleclərdən sadəcə ali təhsil müəssisələrinə “keçid” kimi istifadə edildiyi də bildirilir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirmişdi ki, ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub:
"Bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib”.
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26 faiz dolmuşdu ki, sonra boş qalan yerlərə də 1198 nəfər qəbul olundu. Maraq doğuran isə odur ki, bir çox ekspertlər artıq kolleclərin fəaliyyətinə ehtiyac olmadığını, bu təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını təklif edirlər.
Eyni zamanda, ölkədə yeni kolleclər fəaliyyətə başlayır. Belə ki, bugünlərdə Bakı İlahiyyat Kolleci yaradıl)ıb. Ümumilikdə isə ölkədə 50-dən artıq kollec fəaliyyət göstərir.
Doğrudanmı, ölkədə orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil üzrə tədqiqaçı Elmin Nuri “Cebhe.info”-ya bildirib ki, təxminən bir neçə ildir ADPU-nun bazasında olan kollecdən, subbakalvr təhsil müəssisəsindən xarici dil və digər müəllimlik ixtisası götürülərək birbaşa olaraq universitetə verilib:
“Hətta ibtidai sinif müəllimliyi belə kollecdə saxlanılmayıb. Kollecdə yalnız texnologiya, hərbi hazırlıq ixtisası saxlanılıb. Digər ixtisaslar nə yaxşı ki, universitetin bazasına verilib. Çünki kollecin bazasında qalanda onların səmərəliliyi həddindən artıq zəif idi. Ötən sertifikasiyada ibtidai sinif müəllimləri iştirak etdi və təhsil naziri Emin Əmrullayev də bildirdi ki, müəllimlər sözlərin yazılışında yanlışlığa yol verirlər. Həmin müəllimlərin əksəriyyəti isə kolleclərin məzunlarıdır.
Sertifikasiya ilə bağlı yekun hesabatda da nazir qeyd etdi ki, ən zəif nəticə göstərənlərin təhsil aldığı müəssisənin 6 –sı da məhz kollec idi. Kollec təhsili bizdə formal xarakter daşıyır. Orada çalışan müəllim və texniki heyətin, tələbələrin əməyini aşağı salmaq istəmirəm. Ancaq kollec təhsili bizim pedoqoji mühitə böyük zərbə vurdu və gec də olsa aradan qaldırıldı. Hətta mən təklif edərdim ki, texnologiya fənni də kollecdə saxlanılmasın və bakalavr səviyyəsinə salınsın".
O bildirib ki, hazırda 9-cu sinfi bitirənlər, yalnız şəhadətnamə ilə orta təhsilini başa vuranlar, bir sənəd sahibi olmaq üçün məcburən kolleclərdə oxumağı fikirləşirlər:
"11-ci sinifdən kolleclərə qəbul olunanlar isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında minimal-200 balı aşa bilməyənlərlərdir. Bizdə kollec hazırda seçilmiş təhsil müəssisəsi deyil, məcburi şəkildə seçilən və dəyərləndirilən təhsil müəssisədir ki, bu da onun formal olduğunu göstərir”.
Nigar Abdullayeva
“Cebhe.info”