Tıxacın yaratdığı daha bir ölüm riski 

Tıxacın yaratdığı daha bir ölüm riski 

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.8, dəm qazı 1.6, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində 1.2 dəfə normadan çox müəyyən edilib. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Qeyd edək ki, bu gün nəqliyyatla bağlı tıxac, qiymətlər, interval və digər problemlər mövcuddur.

Ölkədə, xüsusilə də paytaxtda sayı durmadan artan nəqliyyatın hava çirkliliyində rolu hansı səviyyədədir?

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, “Rüzgar” Ekoloji ictimai Birliyinin sədri İslam Mustafayev Cebhe.info-ya bildirib ki, Azərbaycanda hava çirklənməsində 70-80 faiz nəqliyyat rol oynayır:

“Nəqliyyatın daxili yanma mühərrikində yanacağın yanması nəticəsində qazlar, dəm qazı, azot oksidləri və s. əmələ gəlir. Nəqliyyat hədsiz dərəcədə sıxdır, mövcud problemlər yanacağın keyfiyyəti, köhnə maşınların olması kimi amillərdən yaranır. Problemin həlli üçün qanunlar qəbul olunmalıdır, gömrükdən köhnə maşınları buraxmamalıdırlar. Əslində çox köhnə, 2005-ci ildən əvvəl istehsalı olan maşınları buraxmırlar. İkincisi, yolları nizamlamalıdırlar, belə olmaz. Bakıda yollar azdır və həm də hamar, düzgün nizamlanmalıdır. Eləcə də maşınlar üçün benzinin keyfiyyəti artırılmalıdır. Bundan başqa, maşınların saatlarla tıxacda qalması çox pis haldır, maşınlar dayandığı vəziyyətdə işləyir və nəticədə dəm qazı və digər qazlar buraxır”.

Nigar Abdullayeva
Cebhe.info