Xəstəxanalarda acınacaqlı vəziyyət: Uzun növbə, limit, narazılıq…

Səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək yaradılan icbari tibbi sığorta sisteminin məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
Ötən müddət ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 115-dən 140-a qədər artırılıb.
Həmin tibb müəssisələrinin 81 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 19 %-i isə regionların payına düşür.
Bu ilin yanvar-avqust ayları üzrə göndəriş alan vətəndaşlara müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 100 550 tibbi xidmət göstərilib.
Bu xidmətlərin 1 906-dan uşaqlar, 98 644-dən böyüklər yararlanıb. İcbari tibbi sığortanın şamil edilmədiyi şəxslər sırasında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, həbs edilmiş şəxslər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycanda müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər (ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) yer alır.
Qeyd edək ki, ötən illər ərzində icbari tibbi sığortadan bir çox vətəndaşlar yararlansa da, hazırda bu sahədə problemlər də var. Bu problemlər isə əsasən vətəndaşların müraciət etdiyi xəstəxanalarda özünü göstərir.
Belə ki, bu gün bir çox xəstəxanada səhər saatlarından başlayaraq uzun növbələrin şahidi oluruq ki, vətəndaşlarlar burada həkimə müraciət üçün “qəbz” növbəsində dayanırlar. Sonra isə xəstə digər bölmədə yenidən “arayış” növbəsinə, daha sonra isə həkimin qəbulu üçün növbədə dayanmaq məcburiyyətində qalır. Nəhayət, həkimin qəbuluna düşən vətəndaşa əgər qan analizi, yaxud ultrasəs müayinəsi tələb olunursa, xəstə indi də onların növbəsində dayanmalı olur.
Bir çox hallarda isə xəstəxanalarda laboratoriya və USM üçün müəyyən saat tətbiq edilib ki, həmin müddətdən, məsələn, saat 11.00-dan sonra həmin müddət başa çatır.
Nəticədə isə nə laboratoriya, nə də USM-dan istifadə edə bilməyən xəstə səhəri gün yenidən xəstəxanaya getməli, yenidən növbədə dayanmalı olur. İcbari tibbi sığorta özlüyündə vətəndaşlara maliyyə baxımdan üstünlüklər yaratsa da əlçatanlıq baxımından xəstəxanaların düzgün sistem tətbiq etməməsi vətəndaşlarda narazılığa səbəb olur.
Artıq uzun müddətdir ki, xəstəxanalarda sistemsizliyə çevrilən uzun növbə, limit, narazılıq kimi problemini necə həll etmək olar?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya bildirdi ki, icbari tibbi sığorta ilə bağlı bu gün əsas problem “randevu” sistemi ilə bağlıdır:
“İlk gündən bu məsələ həll olunmayıb. İnsanlar “randevu” gözləmədən birbaşa xəsətxanalara axışırlar. Bu da xəstəxanalarda hədsiz dərəcədə bir növbəlilik yaradır. Nəticədə vətəndaşlar özləri məmnun qalmırlar. Bu qədər növbənin öhdəsindən xəstəxana necə gələ bilər? Bu mümkün deyil.
Dünyanın heç bir ölkəsində belə bir vəziyyət yoxdur. Ona görə də biz ilk növbədə “randevu” sistemini qaydaya salmalıyıq. İnsanlar növbəli şəkildə müraciət etməlidirlər. Yəni növbəyə durmalıdırlar və bunun üçün elektron növbələr olmalıdır. Vətəndaş növbəsi çatanda da xəstəxanaya gəlməlidir.
Bu həm işin keyfiyyətini, həm həkimlərin məsuliyyətini artırar, həm də xəstələr daha effektiv müalicə alarlar. Bu zaman ayrı-ayrı müayinələrin, ultrasəs aparatı, laboratoriyalarda insanların tıxac yaranması problemi həllini tapar”.
Nigar Abdullayeva
Cebhe.info