Yeni qərardan şirkətlər, yoxsa əhali qazanacaq?
Tarif (Qiymət) Şurasının iclasında Azərbaycanda dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.
Qeyd olunub ki, tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur:
“Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29 % az, adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20 %-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq".
“Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib.
Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət - 11 iş günü təsbit edilib.
Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan Qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.
Bildirək ki, son vaxtlar ölkədə satışda olan dərmanların qiymətinin digər ölkələrdən dəfələrlə baha olması ilə bağlı hətta Milli Məclis səviyyəsində belə, kifayət qədər kəskin tənqidi fikirlər səslənib.
Məsələn, qonşu Türkiyədə satılan dərmanlarla Azərbaycanda satılan dərmanların qiymətində fərq özünü göstərir. Tarif Şurasının yeni qərarı isə dərman vasitələrinin ekspertiza tarifləri azalsa belə, bu rəqabəti artıracaq.
Xatırladaq ki, hazırda ölkədə Rəqabət Məcəlləsi də parlamentin ikinci oxunuşundadır. Hazırkı qərar rəqabəti artıracağı halda bu qiymətlərə də təsir edəcəkmi?
Məsələ ilə bağlı sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cebhe.Tv”-yə bildirib ki, bu gün geniş yayılmış xəstəliklər əleyhinə dərmanlar Türkiyə və Gürcüstan bazarından 3-5 dəfə bahadırsa, bu o deməkdir ki, bizdə bu sahədə inhisarçılıq var:
“Hamının həyatında bu faktlara rast gəlinir. Hər bir vətəndaş özü, yaxud qohumu xaricə gedir, oradan dərman alır. Qiymətlərə baxıb müqayisə edirsən. Bu birmənalı şəkildə o deməkdir ki, bu sahədə ciddi inhisarçılıq, monopoliya var. Əgər cəmiyyətin hamısı bunu deyirsə, demək yeni qəbul ediləcək Rəqabət Məcəlləsi ilə bu “buzu” sındırmalıyıq.
Məsələn, Türkiyədə 1 manata aldığınız məhsulu Azərbaycanda 5 manata alırsınızsa, demək o monopolistin cibinə 4 manat əlavə öz büdcənizdən pul qoyursuz. Nəyə görə o monopolist sizin hesabınıza varlanmalıdır?
İnanmıram ki, bu şəkildə varlananlar sağlam şəkildə də vergi ödəsinlər. Yəqin ki, qiymətləri də başqa şəkildə rəsmişləşdirirlər. Bu cəmiyyətin bütün təbəqələri, xüsusilə də aztəminatlı ailələr üçün çox ciddi bir məsələdir.
Mənim yaşadığım ərazidə bir “Alman apteki” (“Deutsche apotheke”) var, həkimlər bildirirlər ki, Rusiya istehsalı olan dərmanlar keyfiyyətli deyil. Həkimlər ora yönləndirirlər. Adi qiyməti 3 manata olan vitamin, orada 40 manata satılır. O da onların biznesidir. Aptek şəbəkəsində fəaliyyət göstərən kimsə istəməzmi ki, gedib oradan dərman gətirsin? Çox güman ki, Almaniyadan hər adam bunu gətirə bilmir, monopoliya var və onun başında dayanan 3-4 apteki idarə edir ki, heç kimi də bu bazara buraxmırlar. Rəqabət Məcəlləsi bu “buzu” sındırmalıdır və cəmiyyət də görməlidir ki, sındı”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Cebhe.info”-ya bildirdi ki, ekspertiza xərcləri olsa belə, istənilən halda şirkətlərin ümumi xərclərinə daxil olur və dərman qiymətlərində istər-istəməz öz əksini tapır:
“Ekspertiza bir dərmanın adına və molekuluna görə keçirilir. Ona müəyyən məbləğ, məsələn, 1000-2000 manat ödənilir. Ancaq həmin dərmandan minlərlə satılır.
Hər dərmanın üzərinə 1 qəpikdən də az təsir göstərir. Ona görə də dərman qiymətlərinin birbaşa aşağı düşməsinə təsir göstərəcəyini düşünmürəm. Ancaq dərman şirkətlərinin xərclərini azaldacaq. Yəni bu dərman şirkətlərinə daha çox sərf edəcək nəinki əhaliyə”.
Nigar Abdullayeva
“Cebhe.info”