Dünyada xaos hədəsi: Təhdid mesajı kimə ünvanlanıb?
“ABŞ ilə İran İslam Respublikası arasındakı müharibənin davam etməsi Yaxın Şərqi xaosa sürükləyəcək”.
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian belə deyib. “Əgər döyüşlər şiddətlənməyə davam edərsə və vəziyyət daha da pisləşərsə, bütün region xaosa qərq olacaq”,-deyə Çin rəsmisi bildirib. Onun sözlərinə görə, ABŞ ilə İran İslam Respublikası arasında müharibə heç vaxt başlamamalı idi.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi yekun olaraq bildirib ki, güc tətbiqinin davam etdirilməsi yalnız pis bir dairəyə gətirib çıxaracaq. Lin Jian Yaxın Şərqdə nəzarətin mümkün olmadığı bir eskalasiyanın yarana biləcəyindən danışıb. Pekin münaqişənin coğrafiyasının genişlənməməsi üçün tərəfləri regional sabitliyin qalıqlarını da məhv edəcək radikal hərbi addımlardan çəkinməyə çağırıb.
Çin XİN-inin sözçüsü xəbərdarlıq anonsu verdiyi xaosun nədən ibarət olduğunu açıqlamayıb. Lakin Yaxın Şərqdə baş verən istənilən genişmiqyaslı müharibənin yaratdığı iqtisadi böhranlar Çinin maraqlarına zərbə vurur. Bu, ilk növbədə dünya bazarında neftin və qazın bahalaşması, eyni zamanda, logistika xidmətlərinin məhdudlaşması ilə bağlıdır.
Müharibənin davam etməsi İranın Hörmüz boğazını daha çox bağlı saxlamasına şəriat yaradır ki, nəticədə neftin bahalaşması Çin iqtisadiyyatı üçün ciddi şok vəd edir. Digər tərəfdən, İranın ərəb ölkələrinə, xüsusilə də Qətərə endirdiyi raket zərbələri nəticəsində, maye qazın ixracatında hər il 13 milyon ton kəsir yaranacaq. Bu isə həm yanacağa, həm də gübrə istehsalına mənfi təsir göstərir.
Gübrə istehsalında yaranmış problem zəncirvari şəkildə kənd təsərrüfatı istehsalının zəiflədir. Ona görə də İranda müharibənin davam etməsi digər ölkələr kimi Çinin də iqtisadiyyatı üçün də ciddi problemlərə səbəb ola bilər.
Qeyd edək ki, Çin 2024-cü ilin yanvar ayında Qırmızı dənizdə Yəmən Husiləri ilə İsrail və ABŞ arasında müharibə baş verəndə analoji bəyanatla çıxış edərək narahatlığını bildirmişdi. Husilərin Qırmızı dənizin cənubunda Hörmüz boğazı qədər geostrateji əhəmiyyətə malik Bal əl-Məndəb boğazını atəş altında saxlaması Hind okeanı ilə Süveyş kanalı arasında yeganə su yolu olan Qırmızı dənizdə tıxaca səbəb olmuşdu.
Nəticədə, Avropa və Asiya arsında dəniz yolu ilə daşımaların dayanması Çin iqtisadiyyatı üçün ciddi risqlər meydana çıxartmışdı. Halbuki, Husiləri müharibəyə təhrik edən Çinin dəstək verdiyi İran idi.
2024-cü ilin oktyabr ayında da Çinin xarici işlər naziri Van İn İsrail ilə İran arasındakı gərginlikdən narahat olduöunu bəyan edərək Yaxın Şərqdəki xaosun heç kimin maraqlarına uyğun olmadığını bəyan etmişdi. Göründüyü kimi, Çin üzləşdiyi bütün çətinliklərə baxmayaraq, İsrailin və ABŞ-nin öz mövqeyindən geri çəkilməsini münaqişənin yeganə həlli yolu hesab edir.
Yaxın Şərqdə xaosun baş verə biləcəyi barədə deyilənlər isə daha çox ABŞ-yə, İsrailə və İrana əks-cəbhədə yer alan ərəb ölkələrinə ünvanlanmış təhidid mesajı kimi büşa düşülə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”


