İran rejiminin düşmən hesab etdiyi türk seçkini udacaq?

İran rejiminin düşmən hesab etdiyi türk seçkini udacaq?

İranın 14-cü prezident seçkilərində iştirak edəcək namizədlər dördüncü canlı debatda xarici siyasət məsələsi ilə bağlı fikirlərini və planlarını açıqlayıblar. 

Canlı yayımda baş tutan debatda prezident seçkilərində iştirak edəcək altı namizədin hamısı iştirak edib. Mostafa Pourmohammadi, Məsud Pezeşkian, Əmirhüseyn Qazizadə Haşimi, Əlirza Zəkani, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf teledebatlarda öz seçki proqramlarından, ölkədəki problemlərin həlli yollarından danışıblar. İslahatçıların namizədi, milliyyətcə azərbaycanlı olan Məsud Pezeşkian çıxışında İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneyinin yürütdüyü siyasi kursa ə sadiq olduğunu vurğulayıb. O, həmçinin İranın mərhum prezidenti İbrahim Rəisinin nüvə sazişinin həllində rolunu yüksək qiymətləndirib.

“Problemləri mütəxəssislərin köməyi ilə həll etməliyik. Cari problemləri bu yanaşma ilə həll etməsək, sanksiyalarla bağlı məsələləri asanlıqla həll edə bilməyəcəyik”,-deyə Pezeşkian əlavə edib. 

İran parlamentinin sədri və mühafizəkar namizəd Məhəmməd Baqir Qalibaf Tehrana qarşı sanksiyaların ədalətsiz olduğunu deyib. O, “BRİCS” və Şanxay Əməkdaşlıq Təşkilatının sanksiyaları neytrallaşdırmaq imkanlarına malik olduğunu qeyd edib: 

“Əgər bizə neft satmağa icazə verilsə, Əlavə Protokolu bərpa edə bilərik.  Limanlarımızı, sığorta şirkətlərimizi və Mərkəzi Bankı sanksiyalardan azad etsələr, biz öhdəliklərimizi yerinə yetirə biləcəyik”,-deyə Qalibaf bildirib. 

Qalibaf hesab edir ki, hökumət sanksiyaları ləğv etməklə və dayanıqlı iş yerləri yaratmaqla iqtisadi artıma nail ola bilər. O, həmçinin insanların gəlirləri ilə inflyasiya arasındakı fərqin kompensasiya edilməsinin vacibliyini vurğulayıb. 

Dünyanın dəyişdiyini, İranın köhnə model və yanaşmalarla həm regionda, həm də dünyada lazımi güc mövqeyinə nail ola bilməyəcəyini bildirən Tehran şəhərinin meri Əlirza Zəkani İranın İsrailə hücumunun və HƏMAS-ın “sionist”lərə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatının əhəmiyyətini vurğulayıb. O, “Doğru vəd” və “Əl-Əqsa tufanı” əməliyyatlarının bölgədəki güc balansını dəyişdiyini deyib. Əlirza Zəkani İranın nüvə proqramına dair sazişin həyata keçirlməsinə çalışdıqlarını bildirib. 

İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili xarici siyasət məsələsinə xas olan mühüm imkanlara toxunaraq “Biz bütün dünyanı nəzərə almalıyıq”,-deyib. “Latın Amerikasından Afrikaya qədər qonşularımız və Müqavimət Oxunun ölkələri bizə imkan yarada bilər, biz onları əldən verməməliyik”,-deyə Cəlili vurğulayıb. 

Sabiq ədliyyə naziri Mustafa Purmuhəmmədi daxili siyasətin gücləndirilməsinin xarici siyasətə təsirindən danışıb. Onun sözlərinə görə, xarici siyasət daxili siyasətin davamıdır.

“Biz daxildə güclü olsaq, beynəlxalq miqyasda hədəflərimizə çata və gücləndirə bilərik”,-deyən namizəd iqtisadi diplomatiyanın rolunu xüsusi vurğulayıb. 

İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşemi ölkə siyasətinin həmişə sülhün bərqərar olması və xarici müdaxilənin qarşısının alınması olduğunu deyib. O, bu baxımdan mərhum prezident İbrahim Rəisinin və keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahianın fəaliyyətini yüksək qiymətləndirib. 

Debatın nəticəsindən də göründüyü kimi, prezidentliyə namizədlər ölkənin xarici siyasətinin perspektivi ilə bağlı yeni platforma təqdim edə bilməyiblər. Onlar ümumilikdə, mövcud siyasi kursu dəstəkləyiblər. Namizədlər Ali Rəhbərə sədaqətlərini və İsrailə qarşı düşmənçilik siyasətini İranın reginondakı mövqeyinin güclənməsi kontekstində vacib hesab ediblər. İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılması məsələsində isə ciddi təklif verən olmayıb. 

Müşahidəçilərin fikrincə, prezidentliyə namizədlər İranın daxili siyasəti, ilk növbədə sosial-iqtisadi problemlərin həllinə dair xalqın diqqətini cəlb edən təklif irəlü sürməyiblər. Ona görə də səsvermə prosesinin kifayət qədər passiv keçəcəyi gözlənilir. Son illər seçkilərə marağın azalması İran hakimiyyətinin başlıca problemlərindən birinə çevrilib. Bu ilin mart ayında parlamentə və Ekspertlər Şurasına keçirilən seçkilərə səsvermə hüququ olan vətəndaşların böyük əksəriyyətinin qatılmaması rejimi narahat edir.

İran hakimiyyəti xalqın 50 faizdən çoxunun seçkilərə qatıldığına dair saxta sorğu hesabatları yaymaqla Ali Rəhbər Ayətullah Seyid Əli Xameneyinin istədiyi namizədi prezident seçmək üçün əsas yaratmağa çalışır. Ancaq namizədlərin reytinqinin aşağı olması legitimlik üçün əlavə maneə yaradır. Artıq heç kimə sirr deyil ki, hakimiyyətin planı Məhəmməd Baqir Qalibafın prezident vəzifəsinə gətirilməsinə nail olmaqdır. 

Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı olan olan Məhəmməd Baqir Qalibaf ali rəhbər Xameneyiyə sadiq olmaqla yanaşı, həm də ölkədə hakimiyyətin bütün strukturlarına nəzarəti ələ keçirmiş SEPAH-ın da maraqlarını təmin edir. Məhəmməd Baqir Qalibafın prezident seçilməsi İran istiblişmentində SEPAH-ın mövqeyini gücləndirəcək. Bu da öz növbəsində sərt xətt tərəfdarlarının qələbəsi deməkdir. 

Nəticədə, İranın İsraillə dostluq və əməkdaşlıq edən Azərbaycanla münasibətləri gərginləşə bilər. Eyni zamanda, SEPAH generalının hökumət başına gəlməsi İranı İsrail, ABŞ və digər ölkələrlə qarşıdurmaya cəlb edəcək amildir. Əgər noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Tramp qələbə qazansa, o zaman Qalibafın rəhbərlik etdiyi İran hökuməti Vaşinqtonun hədəfinə gələ bilər. 

Qeyd edək ki, Qalibaf rejimin möhkəmlənməsində xüsusi rol oynayıb və xalqın yaddaşında 1999-cu ildə İran Polisinin rəisi vəzifəsinə təyin edildikdən sonra ölkədə tələbə etirazlarını qanla yatıran məmur kimi qalıb. Qalibaf İran cəmiyyətində korrupsioner fəaliyyəti ilə də tanınır. Ona görə də onun namizədlər arasında reytinqinə görə birinci olması barədə iddialar inandırıcı görünmür. Yəqin ki, səsvermə gününə yaxın mühafizəkar namizədlər sifariş əsasında Qalibafın xeyrinə geri çəkilməklə onun qələbəsini təmin etməyə çalışacaqlar. 

Prezidentlik uğrunda yarışın əsasən Qalibaf və Pezeşkian arasında gedəcəyi gözlənilir. Ancaq siyasi proqnozlar növbəti prezidentin məhz mühafizəkarların təmsilçisi olacağını təsdiq edir. Yəni mövcud hökumət qalmalı və əvvəlki siyasətini davam etdirməlidir. Əslində, bu reallığı azərbaycanlı namizədi dəstəkləyən islahatçılar və onların lideri, eks-prezident Məhəmməd Xatəmi də bilir.

Ona görə də Məsud Pezeşkianın namizədliyinin irəli sürülməsi demək olar ki, formal xarakter daşıyır. Səhiyyə naziri kimi fəaliyyət göstərdiyi dövrdə korrupsiyadan uzaq məmur kimi hörmət qazanmış Pezeşkianın reytinqi Qalibafla müqayisədə xeyli yüksəkdir. Buna rəğmən, o, İranda sayca ən böyük toplum olan Azərbaycan türklərinin arzuladığı namizəd deyil. Bunun başlıca səbəblərindən biri Pezeşkianın Xameneyiyə yaxın adam olmasıdır.

Sonuncu teledebatda Pezeçkian özü də bunu açıq etiraf edib. İkincisi, o deputat kimi Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində fəaliyyət göstərəcəyini vəd etsə də, parlamentdə bu yöndə ciddi bir iş görə bilməyib. Pezeşkianın namizədliyinin irəli sürlüməsi daha çox Azərbaycan türklərini seçkilərə cəlb etmək planı kimi qiymətləndirilir. 

Lakin bu səylərin ciddi nəticə verəcəyi inandırıcı görünmür. Artıq Güney Azərbaycanın Təbriz və digər bölgələrində milli fəalların seçkiləri boykot etmək üçün vərəqələr yaydığı bildirilir. Məsud Pezeşkianın prezidentliyə aparan yolunda ən böyük maneə isə onun milli mənsubiyyətidir. 

İranda panfarsist düşüncə tərzinin daşıyıcısı olmayan siyasətçi prezident ola bilməz. Pezeşkian isə İran hakimiyyətinin özünə düşmən hesab etdiyi türkdür. 

Müşfiq Abdulla 
“Cebhe.info”