“Şər üçbucağı”nda növbə İrana çatıb

“Şər üçbucağı”nda növbə İrana çatıb

İran terror fəaliyyəti ilə yalnız qonşuluğunda deyil, həm də dünyanın digər regionlarında yerləşən ölkələr üçün təhlükə mənbəyinə çevrilib. 

Ona görə də İrandakı teokratik rejimin cəzalandırılmasının vacibliyi məsələsi beynəlxalq müzakirə mövzusuna çevrilib. İran hakimiyyəti Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə terror aktları törədir və ya bu cinayəti törətmək məqsədilə emissarlar göndərir. Son zamanlar həm Azərbaycan və Avropa dövlətlərinin xüsusi xidmət orqanları İrana bağlı çoxsaylı casus şəbəkəsi aşkar edib. Onların bir qisminə İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) tapşırığı ilə terror fəaliyyəti hazırlamaqla, ya da həyata keçirməklə məşğul olub. Yanvarın 28-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror, martın 28-də millət vəkili Fazil Mustafaya qarşı edilən sui-qəsdin İrana bağlı radikal dini qruplaşmalar tərəfindən törədilməsi ehtimalları, SEPAH-ın Azərbaycanı müharibə ilə hədələməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Yəni İran rejimi Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdid mənbəyinə çevrilib. 

Əslində, bu münasibət 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra davam edir. İran Ermənistan vasitəsilə Azərbaycana qarşı daim proksi müharibə aparıb və daxildə dini-ideoloji qruplardan istifadə etməklə təxribatlar törətməyə çalışıb. 2022-ci ilin sentyabrında İranda etiraz aksiyalarının başlanmasından ötən müddətdə Almaniya, Çexiya, Avstriya və digər Avropa ölkələrində jurnalistləri, insan haqları fəallarını qətlə yetirmək, pozuculuq fəaliyyəti törətmək, sinaqoqları yandırmaq məqsədilə SEPAH-dan tapşırıq almış 60-dan artıq casus həbs edilib. Terrorun və zorakılığın dəstəklənməsi 1979-cu il İslam inqilabından ötən dövr ərzində İranın dövlət siyasətinin əsasını təşkil edib. İndi isə İran dünya ölkələrini nüvə proqramını inkişaf etdirmək və kütləvi qırğın silahlı əldə etməklə hədələyir. 

Terrorçu dövlətin əlinə nüvə silahının düşməsi nəinki qonşu dövlətlər, bütövlükdə bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxara bilər. ABŞ başda olmaqla Qərb dövlətlərinin uzun illər İranı danışıqlar və sanksiyalar yolu nüvə proqramından imtinaya məcbur etmək istəyi demək olar ki, fayda vermədi. Ona görə də son zamanlar İrana qarşı hərbi əməliyyatların tətbiqinin vacibliyi ilə bağlı İsrail, ABŞ və Avropa ölkələri arasında qapalı danışıqlar gedir. İsrail hələlik İrana qarşı hərbi koalisiyanın formalaşdırılması üçün Qərbdəki müttəfiqlərinin dəstəyini tam qazana bilməsə də ABŞ və Avropa dövlətləri təhlükənin ciddi olduğunu etiraf edir. İranın nüvə silahı əldə etmək səyləri yalnız Qərbi deyil, Yaxın və Orta Şərqin bütün müsəlman dövlətlərini, hətta Xameneyi hakimiyyətini ABŞ-ın iqtisadi təzyiqlərindən qoruyan Çini də narahat edir. 

Ona görə də hər kəs İrana qarşı tədbir görməyin vacibliyini anlayır. Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Corc Buş İranı terrorçu və cinayətkar fəaliyyətinə görə vaxtilə “Şər üçbucağı”na daxil olan dövlət adlandırmışdı. Söhbət İraq, İran və Şimali Koreyadan gedir. Səddam Hüseyn rejiminin devrilməsindən sonra bu problemlərdən biri həllini tapıb. Şimali Koreya isə nüvə silahına malik olmaqla yanaşı, dünyanın ən qəddar rejimləri sırasında öndə gedir. Pxenyanın hər gün artan silahlanma və məsuliyyətsiz nüvə sınaqları ilə dünya ölkələri üçün böyük təhlükə yaradır. 

“Şər üçbucağı”nın digər üzvü olan İran nüvə silahı əldə edərsə, Şimali Koreyadan da böyük təhlükə mənbəyinə çevrilə bilər. Lakin İranın problemi yalnız nüvə proqramı ilə bağlı deyil. İran rejimi 44 ildir kütləvi qırğın silahından istifadə etmədən də insanlıq əleyhinə cinayət mənbəyinə çevrilib. Bu gün İran edamların sayına görə dünyada Çinlə eyni səviyyədə dayanır. Son aylar keçirilən etiraz aksiyalarına görə dinc insanların, o cümlədən uşaqların güllənərək kütəvi qətlə yetirilməsi, işgəncə altında öldürülməsi, qadınların və gənc qızların zorlanması İranın həqiqən şər dövləti olduğunu bir daha təsdiq edir. İranın siyasi kursunda humanizm prinsipləri əvəzinə çirkin əməllər yer alıb. Tehran hakimiyyəti dünyaya müharibə və terror ixrac edən cinayət yuvasına dönüb. Ona görə də bu təhlükəni aradan qaldırmaq üçün “şər üçbucağı”nda növbə İrana çatıb. Əks təqdirdə, dünyada müharibələrin, 
terrorun, qətllərin, zorakılığın, dini ekstremizmin miqyası artacaq. 

Müşfiq Abdulla
Cebhe.info