Xəzərdə süni adalar yaradılacaq: Dünya təcrübəsindən nələri öyrənməliyik?

Xəzərdə süni adalar yaradılacaq: Dünya təcrübəsindən nələri öyrənməliyik?

Xəzər dənizinin Azərbaycan hissəsində mülkiyyət məsələlərinin, tikinti-quraşdırma işlərinin tənzimləmələrinə ehtiyac üçün "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi hazırlanıb.

Bunu Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.

"Bu qanun dənizin Azərbaycan hissəsində yaradılacaq süni torpaq sahələrinin kimə aid olması ilə bağlı məsələni həll edəcək. Azərbaycanda Xəzər dənizində tikinti təcrübəsi var. SSRİ dövründə estekadalar Neft daşları qəsəbəsi yaradılıb", - deyə o qeyd edib.

Qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Bəs əslində hansı ölkələrdə bu təcrübədən istifadə olunur?

"Cebhe.info" xatırladır ki, dənizdə süni torpaq sahələrinin yaradılması beynəlxalq təcrübədə indiyədək istifadə edilib və uğurla icra olunub.

Süni torpaq sahələrinin yaradılmasında məqsəd dövlətlərin istifadə maraqlarına görə dəyişir. Bu sahələrdən əsasən nəqliyyat, turizm, enerji, hərbi məqsədlər üçün istifadə olunur. 

Dünyanın əksər ticarət yolları Cənubi Çin dənizində yerləşir. Dünya ticarət gəmilərinin dörddə biri bu bölgədən keçir. Bu dənizdə neft və təbii qaz ehtiyatları var, balıq ovu da aparılır. Bu bölgə Çin və Yaponiya arasında neft idxalı marşrutu üçün də vacibdir. Son 5 ildə isə Çin Xalq Respublikası bu bölgədə süni adalar salaraq hərbi gücünü artırır. 

Dubayın ən məşhur süni adası Palm Jumeirah dünyanın yaradıcılıq və gözəllik simvolu kimi təsvir edilir. Palm Jumeirahdakı lüks binalarda və şəxsi yaşayış yerlərində təxminən 78 min insan yaşayır. 

San-Fransisko Körfəzində yerləşən Treasure Island 1939-1940-cı illərdə San Fransisko Beynəlxalq Sərgisi üçün süni şəkildə inşa edilib. O vaxtdan bəri bu süni ada hərbi məqsədlər üçün istifadə olunsa da, sonradan ticarət və yaşayış məqsədləri üçün yenidən işlənib. Bu gün Treasure Island restoranlar, otellər və istirahət zonalarına ev sahibliyi edir.

Bundan əlavə ABŞ, Yaponiya, Niderland, Almaniya, Filippində də süni torpaq sahələri mövcuddur.

Naibə
"Cebhe.info"