Ya İran, ya Azərbaycan: İrəvan üçün daha sərfəli variant

Ya İran, ya Azərbaycan: İrəvan üçün daha sərfəli variant

“Əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoyulsa və lap yaxın zamanda sülh sazişi imzalansa, onda dayanıqlı sabitlik və təhlükəsizlikdən, region ölkələrinin əməkdaşlığından danışmaq olar”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Gürcüstan İctimai Kanalının xəbərlər və cari işlər redaksiyasının direktoru Giorgi Qvrimadzenin sualını cavablandırarkən deyib. Dövlətimizin başçısı bildirib ki, Cənubi Qafqaz ölkələrinin potensialı artıq məlumdur və biz hansı sahələrdə birgə işləyə biləcəyimizi də bilirik: 

“Siz elektrik enerjisi sahəsini qeyd etdiniz və üç ölkənin potensialını düzgün müəyyən etdiniz. Bəli, elədir. Lakin əgər biz, məsələn, Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı buraya əlavə etsək, görərik ki, o, qarşılıqlı şəkildə faydalıdır və bu gün Gürcüstan təbii qaz təchizatı sahəsində təhlükəsizliyini 100 faiz təmin edib. Gürcüstanda iqtisadiyyatın və sənayenin artımı nəticəsində istehlak da ilbəil artır. Biz təchizatımızı hər il artırırıq və hazırda, düşünürəm ki, o, artıq üç milyard kubmetrə çatıb. Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı”. 

Azərbaycanın kifayət qədər zəngin qaz potensialı var və hazırda 6 ölkəyə qaz satır. Bu isə onu deməyə əsas verir ki, ölkəmiz Ermənistana da çox rahat şəkildə qaz ixrac edə bilər. Üstəlik, uzun illərdir blokadada və ağır iqtisadi vəziyyətdə olan Ermənistan üçün Azərbaycandan qaz tədarük etmək həyati əhəmiyyətə malikdir. Bu səbəbdən də rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ümumiyyətlə, indiki vəziyyətdə sülh müqaviləsi imzalamaq Ermənistana daha çox sərf edir. Sülh müqaviləsinin imzalanmasından sonra tərəflər arasında iqtisadi -ticari əlaqələrin qurulması Ermənistanı düşdüyü ağır vəziyyətdən də çıxaracaq. 

İqtisadçı ekspert Eyyub Kərimli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycan istənilən istiqamətdə qaz sata bilər: 

“Bunun üçün kifayət qədər qaz ehtiyatımız və iqtisadi gücümüz var. Azərbaycan bu gün Avropanın qaz təchizatında önəmli yer tutur. Azərbaycanın Ermənistana qaz ixrac etməsi isə ermənilərə daha çox lazımdır. Hesab edirəm ki, rəsmi İrəvanın apardığı siyasət Ermənistanı bizdən qaz almağa vadar edəcək. Çünki hazırda Ermənistanla Rusiya arasında müəyyən gərginlik yaşanır. Hətta Rusiyanın gələcəkdə Ermənistana satdığı qazın qiymətini artırması və ya qaz nəqlini tamamilə dayandırması mümkündür. Kreml bundan təzyiq vasitəsi kimi istifadə edə bilər”. 

Ekspert qeyd edib ki, belə olan halda Ermənistan qazı ya İrandan, ya da Azərbaycandan almalıdır:

“Amma daha ucuz başa gəlməsi üçün Azərbaycandan alınmasının daha məqbul olacağını düşünürəm. Biz öz sülhməramlı niyyətimizi göstərərək Ermənistana qaz verə bilərik. Bu, gələcəkdə Ermənistanı Azərbaycandan asılı vəziyyətə sala bilər. Fikrimcə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra bununla bağlı hansısa problem yaşanmayacaq. Ümumiyyətlə, sülh müqaviləsi imzalanandan sonra Ermənistan digər iqtisadi layihələrdə də iştirak edə biləcək. Bu isə onların iqtisadi marağına daha çox uyğun gəlir”. 

Elmir Mustafa 
“Cebhe.info”