Bağlanmamış sülh müqaviləsini gözləyən təhlükə

Bağlanmamış sülh müqaviləsini gözləyən təhlükə

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində keçiriləcəyi iddia olunan növbədənkənar parlament seçkiləri barədə danışıb.

O, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməyəcəyini açıqlayıb. Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar seçki keçirmək niyyətində olmadığını deyib. Qeyd edək ki, yaxın aylarda Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilirdi. Sözügedən seçkilərdən sonra isə ölkədə Konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçiriləcəyi önə sürülürdü. 

Ermənistanda referendum keçirilmədən Azərbaycanla sülh müqaviləsi imzalansa belə, onun effektiv olmayacağı deyilir. 

Politoloq Natiq Miri “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistanda referendum keçirilmədən, eləcə də Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmadan sülh müqaviləsi imzalanmayacaq:

“Üstəlik, konstitusiyada başqa ölkələrə ərazi iddiasının olması beynəlxalq hüquqa tamamilə ziddir. Ona görə də belə bir şəraitdə sülh müqaviləsini imzalamaq mümkün deyil. Çünki heç bir ölkənin verə biləcəyi təminat hüquqi təminatdan üstün ola bilməz. Buna görə də mütləq mənada Ermənistanda referendum keçirilməli və sözügedən iddialar Konstitusiyasından çıxarılmalıdır. Əks təqdirdə, Ermənistanda hakimiyyət dəyişən kimi fərqli addımlar atacaq. Xatırladım ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında “futbol diplomatiyası” konteksində İsveçrədə protokol imzalanmışdı. Bu protokol diplomatik münasibətləri tənzimləmək və normal münasibətlər yaratmaq məqsədi daşıyırdı. Ancaq sonradan Ermənistanın odönəmki prezidenti Serj Sarkisyan həmin protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi. Bununla da həmin protokol konstitusiyadakı iddialara zidd olduğu üçün ləğv olundu”. 

Ekspertin fikrincə, eyni vəziyyət Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsini də gözləyə bilər: 

“Ona görə də rəsmi Bakı Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının konstitusiyadan çıxarılmasını tələb edir. Bu səbəbdən də referendum keçirilmədən sülh müqaviləsi imzalana bilməz”. 

Ekspertin sözlərinə görə, Nikol Paşinyan indiki vəziyyətdə seçki keçirməyə o qədər də həvəsli deyil:

“Çünki indiki vəziyyətdə Paşinyan hakimiyyətinin ata biləcəyi qeyri-populist addımlar var. Bu siyasi qərarlar isə hökumətin gələcəyi üçün strateji xarakter daşıyır. Bu, ictimai rəydə tam oturuşmadan və cəmiyyət reallıqları qəbul etmədən Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi Nikol Paşinyan hökumətinin məğlubiyyəti demək olardı. Bunu anlamaq olar”. 

Politoloq hesab edir ki, yay- payız mövsümündə Ermənistanda referendum keçirilə bilər: 

“Düşünürəm ki, referendumun keçirilməsi növbəti parlament seçkilərinə test xarakteri daşıyacaq. Ən azından Paşinyan hökuməti zəif olduğu yerləri də müəyyənləşdirəcək. 

Üstəlik, Ermənistanda referendumun keçirilməsi Azərbaycanın tələbidir. Əks təqdirdə, imzalanacaq sülh müqaviləsi sadəcə kağız üzərində qala bilər”. 

Natiq Mirinin fikrincə, Paşinyan referendum nəticələrini hakimiyyətinin xeyrinə dəyişmək istəyir:

“Azərbaycanla sülh və dostluq şəraitində yaşamaq əməkdaşlıq, ticarət və inkişaf deməkdir. Ona görə də Ermənistanın Baş naziri ictimai rəydə tədricən müsbətə doğru dəyişikliyə ümid edir. Bu, doğru addımdır. Ancaq referendumun nəticələri mənfi olsa, Ermənistan cəmiyyəti yenə də bunun bədəlini ödəməyə davam edəcək. Paşinyanın “soyqırım” sözündən istifadə etməməsi də Ermənistan cəmiyyətinə reallıqları çatdırmaq məqsədi daşıyır”. 

Həmsöhbətimiz Ermənistanda keçirilməsi gözlənilən referendumun nəticələrinin necə olacağı barədə də danışıb:

“Paşinyan cəmiyyətə mifik yalanlarla deyil, həqiqətin gözünə dik baxmaqla, reallıqları qəbul etməklə yaşamağı təklif edir. Artıq seçim erməni cəmiyyətinindir. Bu səbəbdən də müxtəlif zamanlarda erməni cəmiyyətində bu məsələ ilə bağlı ciddi müzakirələr gedəcək. Bir tərəfdə revanşist müxalif qüvvələr, digər tərəfdə isə hökumətin təklif etdiyi reallıqlar əsasında ictimai rəy uğrunda mübarizə yaşanacaq. Kimin qalib gələcəyini isə referendumun nəticələr göstərəcək”. 

Elmir Mustafa
"Cebhe.info"