Qafar Çaxmaqlı: “Ermənistanda referendum keçirilməlidir”

Qafar Çaxmaqlı: “Ermənistanda referendum keçirilməlidir”

“Hansısa ərazinin başqa ölkəyə verilməsi üçün referendum keçirilməli və ya rəy sorğusu aparılmalıdır. Amma Ermənistanın anklav kəndləri Azərbaycana qaytarması üçün bunlara ehtiyac yoxdur”.

Bu sözləri ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin  professoru Qafar Çaxmaqlı “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, ermənilərin referendum olmadan Paşinyanın 8 kəndi geri qaytara bilməyəcəyi fikrini səsləndirməsi doğru deyil:

“Bildirim ki, həmin 8 kənd Ermənistan tərəfindən işğal olunub, ərazilərimiz dağıdılıb, şəhidlər verilib. Onlar da eynən Qarabağ kimi işğal olunub. Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın ərazisi kimi tanıdısa, həmin 8 kəndi də Azərbaycanın ərazisi kimi tanımalıdır. Sözügedən torpaqlar bizə geri qaytarılmalıdır.

Üstəlik, Paşinyan hakimiyyəti tərəfindən dəfələrlə heç bir referendum keçirilmədən Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasının tərəfdarı olduqlarını bildirən fikirlər səsləndirib. Hətta Paşinyan Bağanıs Ayrım kəndində əhali ilə görüşərək, həmin kəndlərin Ermənistana məxsus olmadığını və o kəndlərə iddia edə bilmədiklərini deyib”.

Ermənişünas alim vurğulayıb ki, kəndlərin qaytarılma prosesi artıq birmənalı şəkildə başlayıb:

“Sadəcə olaraq, rəsmi İrəvan Azərbaycan hakimiyyəti ilə kəndlərin necə geri qaytarılmasını razılaşdırmalıdır. Həmçinin, Qazaxın digər 3 kəndi də anklav kəndlərdir. Yəni Ermənistan ərazisinin içərisindədir. O anklavların məsələsi isə daha sonra, demarkasiya prosesi zamanı həll olunacaq.

Çünki orada kommunikasiya xətləri olmalıdır. Həmçinin, təsərrüfat və iqtisadi məsələlər də nəzərə alınmalıdır. Buna da etiraz etmirik. Eyni zamanda, Ermənistan anklav şəklində olan Naxçıvanın Kərki kəndini də Azərbaycana qaytarmalıdır. O kəndi də mütləq şəkildə geri qaytarmalıyıq. Çünki strateji əhəmiyyəti olan kəndlərdən biridir. Ümumiyyətlə, bütün bu kəndlərin geri qaytarılması vacibdir və verilməlidir”.

Qafar Çaxmaqlı qeyd edib ki, Azərbaycan həmin kəndlərini hərbi yolla da işğaldan azad edə bilər:

“Azərbaycanın hərbi yolla da həmin kəndləri geri almaq haqqı var. Çünki onlar Azərbaycan əraziləridir”.

Onun sözlərinə görə, Ermənistan öz daxilində referendum keçirməlidir:

“Çünki Ermənistan Konstitusiyasının preambula hissəsindəki Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Həmçinin, rəsmi İrəvanın “erməni soyqırımı”  yalanının tanıdılması siyasəti də davam edir.

Ermənistan bunları dəyişməsə, Azərbaycan və Türkiyə ilə imzalanacaq hər hansısa müqavilənin əhəmiyyəti olmaz. Yəni müqavilə imzalanmasına rəğmən, ərazilərə qarşı iddia qalırsa, deməli, ölkənin siyasəti dəyişmir. Ona görə də Ermənistanda referendum keçirilməlidir.

Hesab edirəm ki, bu il orada həm növbədənkənar parlament seçkiləri, həm də referendum keçiriləcək. Ermənistan Konstitusiyasına və siyasətə düzəliş edildikdən sonra isə bu ölkə ilə müqavilələr bağlaya bilərik”.

Elmir Mustafa
“Cebhe.info”