Ralf Horlemann: "Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb"
Son illərdə enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının Azərbaycana marağı daha da artıb.
APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.
“Avropa İttifaqı həmişə Azərbaycanla güclü münasibətlərin tərəfdarı olub. Son 12 ay ərzində bu münasibətlərdə davamlı yüksəliş müşahidə etmişik. Mart ayında Avropa Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ-nin xarici işlər naziri hesab olunan Kaya Kallas da Azərbaycanda olub. Həmçinin tərəflər yeni əməkdaşlıq sazişi üzrə danışıqlar aparırlar.
Beləliklə, münasibətlərdə çoxsaylı müsbət inkişaflar müşahidə olunur. Bu, Avropa İttifaqının regiona və Azərbaycana olan böyük marağını da göstərir. Son illərdə bu maraq, xüsusilə enerji təhlükəsizliyi baxımından daha da artıb”,- səfir qeyd edib.
O, Naxçıvandakı dəmir yolunun yenidən qurulması layihəsində əməkdaşlığa toxunaraq, bu dəmir yolunun Orta Dəhlizin mühüm hissələrindən biri olacağını vurğulayıb. Səfir bu əlaqələrin daha da genişlənməsinin Almaniyanın marağında olduğunu bildirib.
Ralf Horleman Azərbaycan xalqı ilə bağlı təəssüratlarını da bölüşüb:
“Azərbaycan xalqının misilsiz qonaqpərvərliyini qeyd etmək istəyirəm. Hara getsəm, alman dilində danışan insanlarla qarşılaşdım. Bu da təəccüblü deyil, çünki çoxlu sayda insan alman dilini öyrənir. Qubadan Lənkərana, Şəkidən Abşeron yarımadasına qədər harada olmuşamsa, hər zaman çox isti və səmimi qarşılanmışam. Həmçinin Almaniyaya dost münasibət bəsləyən insanlarla rastlaşmışam”.
Səfir Azərbaycan və Ermənistan arasında sülh barədə də danışıb:
“Azərbaycan və Ermənistan arasında sülhün tədricən formalaşdığını görmək mənim burada fəaliyyət göstərdiyim dövrdə tez-tez səsləndirdiyim fikri təsdiqlədi: ən dərin düşmənlər belə bir gün sülh tapa bilərlər. Bu, böyük ölçüdə Azərbaycan və Ermənistan münasibətlərində də özünü göstərir. Sülh sazişi hələ imzalanmayıb və ratifikasiya edilməyib, lakin bu istiqamətdə çox ciddi irəliləyiş əldə olunub.
Azərbaycandakı fəaliyyətim dövründə Ermənistana etdiyim iki səfərdən sonra deyə bilərəm ki, həm azərbaycanlılar, həm də ermənilər müharibəni birdəfəlik arxada qoymaq istəyirlər. Bu, Azərbaycanda qazandığım ən dərin şəxsi təcrübələrdən biri oldu.
Mən yalnız hər iki ölkəyə arzu edə bilərəm ki, sülh yolunda irəliləməyə davam etsinlər, sərhədləri açsınlar, ticarətin sərbəst inkişafına imkan yaratsınlar və münaqişəni keçmişdə qoyaraq bütün region üçün tamamilə yeni perspektivlər açsınlar”.
"Cebheinfo.az"

