Maşının varsa, dərdin var: İndi də dayanacaqlar cibimizi boşaldacaq

Maşının varsa, dərdin var: İndi də dayanacaqlar cibimizi boşaldacaq

Bakıda bir çox yerlərdə parkinq üçün tətbiq edilən qiymətlər müəyyən edilib.

Azadlıq meydanının yeraltı avtomobil dayanacağında yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. 

Saatlıq tariflər isə aşağıdakı kimi müəyyən edilib:

0-1 saat - 1 manat
1-3 saat - 2 manat
3-6 saat - 3 manat
6-12 saat - 5 manat
12-24 saat 10 manat

Aylıq tariflər isə aşağıdakı kimi müəyyənləşdirilib:

12 saatlıq - 100 manat
24 saatlıq - 140 manat
Qonşular - 75 manat

Sözügedən parkinqdə daha əvvəlki qiymətlər aşağıdakı kimi olub:

0-2 saat - 1 manat
2-5 saat - 2 manat
5-12 saat - 3 manat
12-24 saat - 6 manat

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

Qış parkının yeraltı avtomobil dayanacağında da parkinq üçün tətbiq edilən qiymətlər artırılacaq.

Bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.

Aylıq tariflər isə aşağıdakı kimi müəyyənləşdirilib:

Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).

Yəni aylıq tariflər demək olar ki, 100 faiz artırılıb. 

Son günlər aktual olan mövzulardan biri də məhz paytaxtda avtomobillərin parklanma qaydaları ilə bağlıdır. Belə ki, bugünlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Nəqliyyatı Əlaqələndirmə Şurası Bakının əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul etdi və qeyd edildi ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat HUB-nın yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçirilir. Martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir və ərazidəki parklanma yerləri fəaliyyətini dayandırıb. 

Artıq bir neçə müddətdir ki, parkinq qiymətlərinin də müzakirəsi gedirdi və nəticədə “fantastik” qiymətlər açıqlandı. Yeni qiymətləri görən vətəndaşlar təəccüblənir və çıxış yolu tapa bilmirlər.

Çünki bu gün heç də bütün avtomobil sahiblərinin maddi vəziyyəti ilə tariflər düz mütənasib deyil.

Ölkədə minimum əmək haqqı 345 manat təşkil edir və vətəndaş aylıq parkinq üçün 80, yaxud 120 manat ödəniş edirsə, onun dolanışığı üçün cüzi vəsait qalır. Digər bir maraq doğuran məqam isə odur ki, qonşular üçün 50 manat məbləğində tarif müəyyən edilibsə, həmin ərazidə yüzlərlə kirayədə yaşayan vətəndaş olduğu halda həmin şəxslərin qonşu olduğu necə müəyyənləşdiriləcək? 

Yaxud başqa bir məqam. 

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib. Qiymətlər parkinq müddəti ilə tənzimlənir. Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Digər qiymətlər isə belədir:

15-30 dəqiqə - bir manat,
30-60 dəqiqə - iki manat,
1-2 saat - dörd manat,
2-3 saat - altı manat,
3-5 saat – 10 manat,
5-7 saat - 14 manat,
7-10 saat - 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.

Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur. Qeyd edək ki, tariflər martın 27-dən tətbiq edilir. 

Burada isə maraq doğuran odur ki, Bakı Dəmir Yolu Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul etdikdən sonra parkinq qiymətlərinin belə artımı xüsusilə də qatardan istifadə edən sərnişinlər üçün daha da problemlər yaradıb. Çünki heç kim bilmir ki, vətəndaşı qatara yetişdirən, yaxud sərnişin gözləyən avtomobil, yaxud taksi nə qədər müddət dayanmalıdır. Bir neçə gün öncə həmin ərazidə fəaliyyət göstərən taksi sürücüləri də işlərini itirəcəkləri ilə bağlı etiraz etmişdilər. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Qış parkı adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avtodayanacaq var, şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir:

“Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınları insanlar qapalı parkinqdə saxlaya, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmur tayfası Qış parkındakı yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırırlar. Əslində əksinə olmalı, gün ərzində çalışanların orada park etməsini stimullaşdırmalı idilər. Ümumiyyətlə, son zamanlar ard-arda absurd qərarlar qəbul edilir, bunu “insan üçün şəhər” kimi cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insan deyil, onlar məhz insansız şəhər, insansız dünya istəyirlər, arzulayırlar ki, insanlar doğmasın, artmasın, istəyirlər ki, insan hər addımda asılı vəziyyətə düşsün, nəzarətdə qalsın”.

Ekspert deyib ki, Qış parkını da, yeraltı dayanacağı da dövlət tikib:

“Mənim-vətəndaşın pulu, vergiləri ilə inşa edib, indi AYNA adlı bir quruma veriblər, onlar da istədikləri tarifi müəyyən edir. Yəni mənim pulumla tikilən dayanacağa görə məndən yenə pul almaqla qazanırlar. Həmin yer özəl deyil, özəl sektorun investisiyası ilə tikilməyib, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! Məndən pul yığır ki, AYNA-nın rəhbərliyi minlərlə manat maaş, mükafat alsın, özlərinə xarici səfərlər təşkil etsinlər?! Yüz dəfə demişik, vətəndaş olaraq parkinqə pul verməyə hazırıq, amma o vəsaiti vətəndaşın seçdiyi mer institutuna ödəyək, seçkili mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil, vətəndaşın seçdiyi orqan- Böyük Şəhər Bələdiyyəsinin əlində olsun, biz də bilək ki, pulu kimə və niyə ödəyirik”.

Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Siyavuş Novruzov da yeraltı parkinqlərin qiymətinin baha olmasından bəhs etmişdi. O, dövlət tərəfindən kifayət qədər vəsait ayrıldığını, yeraltı parkinqlər tikildiyini, lakin içərisinin boş olduğunu deyib:

"Çünki 7-9 manat (əvvəlki qiyməti nəzərdə tutur.-red.) qiymət qoyulub. Aya vuranda bu, 300 manata yaxın pul edir. Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar? Bu qiymətlər aşağı salınmalıdır. Aidiyyəti strukturlar buna da baxmalıdırlar".

Göründüyü kimi, qiymətlərin bahalığı hər qəbildən olan insanları narahat edir. Müayisə üçün qonşu Gürcüstanda parking qiymətləri aşağıdakı kimidir : 

1 həftə - 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində); - 2 manat 50 qəpik. 

6 ay - 25 GEL (ödəniş anından sonrakı 182 təqvim günü ərzində); 15 manat 67 qəpik.
 
1 il – 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər). 31 manat 34 qəpik. 

1 saatlıq saxlamaq istədikdə isə 1 lari (62 qəpik) ödəməli olursunuz. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  bildirilib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir:

"Qeyd edək ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.

Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur".

"Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsini artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.

Göründüyü kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi artan qiymətlərlə daha yaxşı xidmət vəd edir, ancaq bu xidmətin nə olacağı və ya ümumiyyətlə, olub-olmayacağı sual alıtndadır.  

Hələlik isə görünən odur ki, qərar verilərkən vətəndaşların rifahı yox, əksinə, onun cibini daha da boşaltmaq nəzərə alınıb. Əgər parkinq qiymətlərini artırmaqda məqsəd avtomobillərdən istifadənin sayını azaldaraq tıxacların qarşısını almaqdırsa, öncə ictimai nəqliyyatın işi normal təşkil edilməlidir.

İndiki halda maşını olan hər kəs varlı, imkanlı təbəqədən deyil. Maşın alanların əksəriyyəti canını saatlarla dayanacaqda avtobus gözləməkdən, metroda bir neçə qatarı buraxıb minə bilməməkdən yaxa qurtarmağa çalışıanlardır. Əgər paytaxtda ictimai nəqliyyat normal işləsəydi, çoxluq əlavə xərc çəkib maşın almaq, sonra da onun benzin, baxım xərci ilə yanaşı, parkinq pulunu da fikirləşmək dərdinə düşməzdi…

Nigar Abdullayeva
“Cebhe.info”