“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə, nə etmək lazımdır?

“Ayıq sürücü”: Avtomobildən oğurluq edirsə, nə etmək lazımdır?

Xeyli vaxtdır ölkəmizdə "Ayıq sürücü” xidməti fəaliyyət göstərir.

Bu xidmət bir çox insanların həyatını xilas edir desək, yanılmarıq. Çünki bir müddət əvvəl belə bir xidmət növü yox idi. İnsanlar içkili halda sükan arxasında əyləşib maşını idarə edirlər. Bu isə yolverilməz idi. 

"Ayıq sürücü” xidməti göstərən şirkətlər çoxdur. "Ayıq sürücü” işləyən şəxs mexaniki və ya avtomat sürət qutusuna malik olan bütün maşın növlərini idarə etməyi bacarmalıdır. Demək olar ki, artıq dünyanın bir çox ölkələrində bu xidmətdən istifadə edilir.

Qeyd edək ki, “Ayıq sürücü” xidmətindən yararlanan bir çox şəxslər avtomobilində xüsusilə oğurluq, soyğunçuluq halı ilə qarşılaşdığını bildirirlər.

Zərərçəkənlərin sözlərinə görə, "Ayıq sürücü” xidməti göstərən şirkətlər isə oğurluq, soyğunçuluq halı baş verən zamanı hadisəni ya inkar edirlər, ya da avtomobil sahibinə dəyən zərəri ödəməkdən boyun qaçırırlar. Nəticədə avtomobil sahibi haqlı olduğu halda haqsız duruma düşür. Təəssüf ki, bu kimi qanunazidd əməllərdən çox danışılsa da, problem öz həllini tapmır.

Maraqlıdır, avtomobil sahibi bu kimi hallarla qarşılaşdıqda nə etməlidir?

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Quliyev bildirib ki, "Ayıq sürücü” xidməti ilə bağlı "Yol hərəkəti haqqında” Qanunda xüsusi bir qayda yoxdur:

“Ancaq “ayıq sürücü” kimi fəaliyyət göstərmək üçün ilk öncə “ayıq sürücü”nün sürücülük vəsiqəsi olmalıdır. Daha sonra məhkumluğu olmamalıdır, narkoloji testdə göstəriciləri müsbət olmalıdır, ən azı 5 il ərzində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işində adı hallanmamalıdır. Belə olan halda o şəxs tam rahatlıqla avtomobil sahiblərinə “ayıq sürücü” kimi xidmət göstərə bilər”.

Eyni zamanda, ekspert “ayıq sürücü”lərin oğurluqda adların hallanması məsələsinə də toxunub:

“Sürücülərin sərxoşluğundan istifadə edib avtomobildən oğurluq ediləməsi halları təəssüf ki, “ayıq sürücü”lər tərəfindən edilir. Belə hallar hər zaman olub və olcaq. 

Bu halların qarşısı alınması üçün, sürücülər və "Ayıq sürücü” xidməti göstərən şirkətlər diqqətli olmalıdır. Bildirim ki, müasir tələblərə cavab verən sürücülər olmalıdır. Bir daha qeyd edim ki, ən əsası “ayıq sürücü”nün məhkumluğu olmamalıdır. Yəni daha əvvəl cinayətkarlığda adı hallanmamalıdır”.

Ekspert qeyd edib ki, “ayıq sürücü”lərin avtomobildən oğurluq etdiyini görən avtomobil sahibləri mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:

“Əgər avtomobildən hər hansısa bir əşya oğurlanıbsa, mütləq hüquq-mühafizə orqanlarına, ya da Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti”nə zəng edərək məlumat verilməlidir. Amma oğurluğ faktını daha rahat sübüt etmək üçün, avtomobildə kamera quraşdırılmalıdır”.

Həsən Məmmədov
“Cebhe.info”