Azərbaycan yenə ÜST-ün siyahısında: Yoluxmanın artma SƏBƏBİ

Azərbaycan yenə ÜST-ün siyahısında: Yoluxmanın artma SƏBƏBİ

Dünya miqyasında qızılcaya yoluxma hallarının sayı 2022-ci ildən 2023-cü ilə qədər təxminən iki dəfə artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları əsasında məlumat verilib. Barselonada keçirilən ESCMID Qlobal Konqresində araşdırmanın nəticələrini təqdim edən Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, 2023-cü ildə 321582, 2024-cü ildə isə 94 000-dən çox yoluxma qeydə alınıb. 

Bununla belə bu rəqəmin daha yüksək olduğu istisna edilmir. Bu il yoluxmaların demək olar ki, yarısı ÜST-nin Avropa regionunda baş verib, ən yüksək xəstələnmə göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə qeydə alınıb. 

Bəs ölkəmizdə qızılcanın bu səviyyədə artmasına səbəb nə olub? 

İnfeksionist Mərdan Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qızılcaya yoluxmaların sayı peyvənd olunma dərəcəsi ilə tərs mütənasibdir:

"Bu da o deməkdir ki, peyvənd olunanların sayı çox olduqca qızılcaya yoluxmaların sayı az olur. Peyvənd olunma dərəcəsi az olan ölkələrdə qızılcaya yoluxma yüksək olur. Azərbaycanda qızılcaya qarşı peyvənd olunma dərəcəsi yaxşı səviyyədə deyil. Buna görə də Azərbaycanda qızılcaya yoluxmada yüksək say müşahidə etdik. Avropada valideynlər tərəfindən peyvənd olunmaya qarşı əks təbliğat oldu. Bu proses pandemiyadan sonra pik həddə çatdı. Buna görə də orada yoluxmalar artmağa başlayıb". 

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə deyib ki, bu, səhiyyənin problemidir: 

“Azərbaycanda hamı qeyd edir ki, səhiyyənin səviyyəsi həddən artıq aşağıdır. İnfeksion xəstəliklərlə bağlı yüksək araşdırmalar aparılmır. Həmişə xaricdə nəsə tapılır, bizimkilər də deyir ki, gəlin, biz də buna başlayaq. Görməmişik ki, Azərbaycan mikrobioloqları özü bir xəstəliyi aşkar edib ortaya qoysun. ÜST də özünün siyahısını özü müəyyənləşdirir, onu da Azərbaycandan aldığı nəticələr əsasında hazırlayır. Nəticədə də bəlli olur ki, Azərbaycan yoluxanların sayı çoxdur. ÜST-ün müəyyən göstəriciləri olur, Səhiyyə Nazirliyinin qarşısına tələb qoyulur, bu tələblər əsasında da yoluxmaların sayı bəlli olur". 

Qeyd edək ki, qızılca hava-damcı yoluxucu bir xəstəlikdir. Xüsusilə gənc və peyvənd olunmamış uşaqlarda ciddi sağlamlıq nəticələrinə və ya ölümə səbəb ola bilər. Ümumi simptomlar atəş, öskürək, burun axması, sulu gözlər və qırmızı döküntü ola bilər.

Qızılcaya yoluxan hər 20 uşaqdan 1-də pnevmoniya, digərlərində isə beyində ensefalit adlanan təhlükəli şişlik inkişaf edə bilər. Qızılcaya yoluxan hər 1000 uşaqdan 3-ə qədəri tənəffüs və nevroloji ağırlaşmalardan ölə bilər. Bu, həmçinin həftələr və ya illər ərzində digər infeksiyalara yoluxma riskini artıran “immun amneziyaya” səbəb ola bilər. 

Naibə 
"Cebhe.info"