Daha bir xəstəliyin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Osteoporoz sümük strukturunun pozulması ilə müşayiət olunan proqressivləşən, metabolik sümük xəstəliyidir.
Bu xəstəlik sümük kütləsinin və möhkəmliyinin azalması, kövrəkliyinin artması ilə xarakterizə edilir. Xəstəlik əksər halda simptomsuz olur və tez-tez yalnız mil sümüyü, bud sümüyü boynunun və ya fəqərə cisimlərinin kompression sınıqlarından sonra aşkarlanır.
Sümüklərin sağlamlığını qorumaq və osteoporozun fəsadlarının qarşısını almaq üçün xəstəliyin erkən diaqnostikası ilə yanaşı, səbəbinin müəyyənləşdirilməsi və müalicəsi böyük əhəmiyyət kəsb edir. Osteoporozun diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) verilən məlumata görə, osteoporozun vaxtında diaqnostika və müalicəsi sümüklərin kövrəkləşməsinin qarşısını almaq, sınıq riskini azaltmaq üçün vacibdir. Diaqnostika üçün qanda kalsium, fosfor, D3 vitamini, parathormonun səviyyəsi təyin olunur, rentgen müayinəsi, sümüklərin mineral sıxlığının ölçülməsi üçün densitometriya, kompüter tomoqrafiyası (KT) kimi müayinə üsullarından istifadə edilir.
Osteoporozun müalicəsi zamanı kalsium və D vitamini preparatlarının istifadəsi, fizioterapiya və lazım gəldikdə cərrahi müdaxilələr tətbiq olunur. Tibbi göstərişə əsasən cərrahi əməliyyatlar da daxil olmaqla, xəstəliyin müayinə və stasionar terapevtik müalicəsi icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır.
Bu tibbi xidmətlər ixtisaslı həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra edilir.
Osteoporoz xəstəliyi əsasən yaşı 50-dən yuxarı insanlarda müşahidə olunur. Ancaq metabolizmin pozulması, qalxanabənzər və qalxanabənzər ətraf vəzilərin funksiyalarının pozulması zamanı gənc yaşda olan insanlarda da bu xəstəliyə rast gəlinə bilər.
Xəstəliyin risk faktorlarına genetik meyillilik, valideynlərdən birində osteoporoz səbəbi ilə bud-çanaq sınığının olması, qadınlarda menopauzadan sonra hormonal dəyişikliklər, amenoreya (menstruasiyanın uzun müddət olmaması) və kişilərdə testosteron çatışmazlığı daxildir.
Eyni zamanda, aşağı çəki, anoreksiya, qida rasionunda kalsium, fosfor, maqnezium və D vitamininin kifayət qədər qəbul edilməməsi, həzm pozğunluqları, revmatoid artrit, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək çatışmazlığı kimi xroniki xəstəliklər də risk yaradır.
Bundan əlavə, bəzi dərmanların (artrit və astma kimi xəstəliklərin müalicəsi üçün uzunmüddətli steroid, qıcolma əleyhinə və digər preparatların) qəbulu alkoqollu içkilərin və tütün məhsullarının həddindən artıq istifadəsi osteoporoz riskini artıran digər mühüm amillərdəndir.
"Cebheinfo.az"