Sabah məktəblərdə dərslər təxirə salınacaq? - RƏSMİ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur. Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, dəfələrlə güclü yağıntılar zamanı paytaxtda problemlərin yarandığının şahidi olmuşuq. Belə ki, küçələri sel basıb, avtomobillər yağış suyu altında qalıb, hərəkət çətinləşib.
Əvvəlki təcrübələr nəzərə alınaraq, məktəblərdə dərslər təxirə salına bilərmi?
Məsələ ilə bağı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-n sorğusuna cavab olaraq bildirilib ki, hələlik hava şəraiti ilə bağlı olaraq məktəblərdə dərslərin dayandırılması barədə hansısa qərar yoxdur:
“Qərar olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”