3-cü Dünya müharibəsinin siqnalı verildi

3-cü Dünya müharibəsinin siqnalı verildi

“Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean münaqişəsinə müdaxilə etməmək üçün Avropadakı NATO ölkələrinə hücum edərkən Çin Prezidenti Si Cinpin Tayvanı işğal etmək qərarına gəlsə, dünya özünü III Dünya müharibəsinin astanasında tapmaq riski ilə üzləşəcək”.

Bunu NATO-nun baş katibi Mark Rutte “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, Cinpinin Tayvanı ələ keçirmək ambisiyalarının yalnız iki ölkə ilə məhdudlaşacağını düşünmək sadəlövhlük olardı: 

“Əgər o, Tayvana hücum etsə, ilk növbədə Moskvadakı kiçik tərəfdaşı Vladimir Vladimiroviç Putinə zəng vurub deyəcək: “Mən bunu edəcəyəm və siz NATO ərazisinə hücum edərək Avropanın diqqətini yayındırmalısınız””.

“Cebheinfo.az” xəbər verir ki, NATO baş katibinin narahatlığı başadüşüləndir.

Bundan əvvəl  Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda iki ölkə “sərhədsiz tərəfdaşlıqlarını” dəfələrlə vurğulayıblar. NATO baş katibinin sözlərinə görə, Çinin Rusiyanın bu münaqişəni uduzmasına icazə verə bilməyəcəyinə dair mesaylar artır, çünki Pekinin Tayvanla bağlı strategiyası ondan asılıdır.

Amerikalı və tayvanlı analitiklərin proqnozlarına görə, Pekin 2027-ci ilə qədər adada tammiqyaslı işğal barədə qərar verə bilər. Hətta Cinpinin Çinin xarici işlər naziri Vanq Yi ilə son danışıqlarda Ukraynadakı müharibəni birbaşa olaraq Qərbin diqqətini Tayvandan yayındıran “yaxşı şey” adlandırıb. Bunu Avropa mənbələri yazır.

Moskva İrandan pilotsuz təyyarələr hesabına hərbi dəstək, eləcə də Rusiyaya kömək üçün 12 mindən çox əsgərini göndərən KXDR-dən canlı qüvvə dəstəyi alıb. Bunlar isə Ukraynada müharibənin uzanmasını şərtləndirən amillər arasındadır. NATO hesab edir ki, Rusiyanın aqressiyasını genişləndirməsinin qarşısını almaq üçün təkcə Avropanın çəkindirmə gücünü artırmaq kifayət etməyəcək.

Bunun üçün Çinin Hind-Sakit okean regionunda ambisiyalarını cilovlamaq üçün vahid cəbhə kimi çıxış etmək lazımdır. Ancaq bəzi Avropa ölkələri bununla bağlı NATO-nun narahatlığını bölüşmür. Buna görə də Rusiya aqressiyasına qarşı mübarizədə vahid cəbhədən tez-tez  kənaraçıxmalar baş verir.

Sanksiyalar da Rusiyanın xüsusilə iqtisadi potensialına ciddi zərbə vursa da, ölkənin tamamilə çökməsindən danışmaq hələ çox tezdir.

Xəzər
“Cebheinfo.az”