91 yaşlı qadının sülh yürüşü

91 yaşlı qadının sülh yürüşü

Avropada ABŞ-nin və İsrailin müharibə siyasətlərinə, həmçinin Amerika ordusunun qitədəki bazalardan istifadə etməsinə qarşı etirazlar davam edir.

"Cebheinfo.az" xəbər verir ki, İrlandiyada 91 yaşlı Leyla Dulan ölkənin qərbindəki Kler vilayətində yerləşən Şennon hava limanının ABŞ ordusu tərəfindən istifadə olunmasına etiraz olaraq, qərb sahilindən paytaxt Dublində parlamentin yerləşdiyi Leynster Haus binasına qədər 220 kilometr piyada yol gedib.

31 martda başladığı yürüşü boyunca onu müşayiət edənlərə, evlərinin önündən keçərkən dəstək verənlərə və Dublində onu qarşılayanlara təşəkkür edən Dulan, İrlandiya xalqının "sülhü sevdiyini" bildirərək siyasətçiləri ABŞ təyyarələrinin hava limanından istifadə etməsini qadağan etməyə çağırıb. Dulan ABŞ ordusunun hava limanından istifadəsinin ölkənin "neytrallığını" pozduğunu vurğulayıb. 

İrlandiya hökuməti isə hava limanlarından ABŞ təyyarələrinin "yalnız yanacaq doldurmaq" üçün istifadə etdiyini qeyd edərək, "Yaxın Şərqdəki müharibələrdə heç bir rolu olmadığını" iddia edir.

Nigar Hacılı 
"Cebheinfo.az"