ABŞ Türkiyəyə möhtacdır: Vaşinqtonun Rusiya ilə bağlı şok planı

ABŞ Türkiyəyə möhtacdır: Vaşinqtonun Rusiya ilə bağlı şok planı

Yaxın zamanda ABŞ-ın Türkiyə ilə bağlı xarici siyasətində müsbət addım atacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Konqresin Nümayindələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edərkən ABŞ hökumətinin Türkiyənin “F-16” qırıcılarının modernləşdirilməsini, eləcə də lazımi hərbi texnikanın tədarükünü dəstəkləyəcəyini bildirib.

“İnanırıq ki, Türkiyə təkmilləşdirilmiş “F-16” təyyarələri və mövcud “F-16”ları üçün modernizasiya paketi almalıdır. Hesab edirik ki, bu, NATO üçün vacibdir".

ümumiyyətlə, Vaşinqton Türkiyə ilə bağlı son müsbət addımlar atmaqla hansı məqsəd güdür?

Məsələ ilə bağlı Kocaeli Universitetinin beynəlxalq münasibətlər üzrə eskperti İrfan Kaya ülger Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesini sürətləndirmək üçün Türkiyəyə bəzi məsələlərdə güzəştə getməyə məcbur olub:

“40 ədəd "F-16" qırıcı təyyarənin alınması, eləcə də 79 ədəd "F-16"-nın modernləşdirilməsi ilə bağlı Türkiyə ABŞ-a müraciət etmişdi. Amma uzun müddət ABŞ-da Türkiyənin bu müraciətinə baxan olmadı.

ABŞ administrasiyası məqsədyönlü şəkildə Konqres vasitəsilə Ankaranın müraciətinə baxılma prosesini uzadırdı. Hətta Türkiyə ABŞ-dan "Patriot" hava hücumundan müdafiə sistemləri də almaq istəyirdi. Amma Vaşinqton bilərəkdən "Patriot" sistemlərini Türkiyəyə satmadı. Türkiyə də məcburən Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri aldı. Bununla bərabər, ABŞ Türkiyəni "F-35" proqramından da kənarlaşdırdı.

Xatırladım ki, Vaşinqton "soyuq müharibə" dövründə olduğu kimi Türkiyəni əlinin içərisində saxlamaq istəyir. "Soyuq müharibə" dövründə Türkiyə ABŞ-ın dediyini heç bir sual vermədən həyata keçirən bir dövlət idi. Ancaq "soyuq müharibə" bitdikdən sonra Türkiyə beynəlxalq münasibətlərdə öz müstəqil xarici siyasətini yürütmək qərarına gəldi.

Hətta Türkiyə ilə ABŞ arasında bir çox regional, xüsusilə Suriya, İraq və Yunanıstan məsələsində ciddi fikir ayrılıqları da olub. Belə ki, Türkiyənin Yaxın Şərq siyasəti ABŞ-ın geostrateji maraqları ilə toqquşur. Hazırda isə ABŞ 180 dərəcə dəyişib, Türkiyə ilə bağlı xarici siyasətində dəyişikliklər etməyə başlayıb. Son dövrdə NATO içərisində ABŞ Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün müsbət addımlar atdığı müşahidə edilir.

Əlbəttə, bunun arxasında bir neçə səbəb dayanır. Belə ki, Rusiya Ukraynaya müharibə elan etdikdən sonra ABŞ-ın təkidi ilə İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etdilər. Türkiyə və Macarıstanı çıxmaq şərti ilə NATO-nun bütün üzv dövlətləri iki Skandinaviya ölkəsinin müraciətini dərhal təsdiq etdilər.

Amma Ankara İsveçin və Finlandiyanın Türkiyədə terror aktları törətmiş PKK və digər terror təşkilatlarına dəstəyini dayandıracağı təqdirdə onların üzvlüyünə razılıq verəcəyini bildirib. Bu məsələ ilə bağlı keçən ilin iyununda Madriddə Ankara, Stokholum və Helsinki arasında üçtərəfli protokol da imzalanıb.Bu protokola görə tərəflər qarşılıqlı öhdəliklər götürüblər.

Yəni həm Finlandiya, həm də İsveç terror təşkilatlarına dəstəyini dayandırmalıdırlar. Artıq öhdəliklərini tam yerinə yetirən Finlandiyanın NATO-ya üzvlük məsələsi Türkiyə parlamentində müzakirə olunmaq üzrədir. İsveçin üzvlüyü, yəqin ki, seçkilərdən sonra baş tutacaq.

Hesab edirəm ki, ABŞ İsveçin də NATO-ya üzvlük prosesini sürətləndirmək üçün Türkiyəyə bəzi məsələlərdə də güzəştə getməyə məcbur olub. ABŞ-ın bu addımı daha çox alver sövdələşməsinə bənzəyir. Vaşinqtonun İsveç və Finladiyanı NATO-ya üzv etməkdə məqsədi Rusiyanı mühasirəyə almaqdır”.

Yunis Abdullayev
Cebhe.info