BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı

İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin ölkəyə qarşı həyata keçirdiyi hərbi hücuma görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
"Cebheinfo.az" xəbər verir ki, İran nümayəndiliyi 13 iyun tarixində BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı rəsmi məktubda İsrailin İranın nüvə obyektlərinə və yüksək rütbəli hərbi rəsmilərinə qarşı həyata keçirdiyi hava zərbələrini "açıq hərbi təcavüz aktı" kimi dəyərləndirib və bununla bağlı qurumun fövqəladə toplantısının keçirilməsini istəyib.
Qeyd olunub ki, İsrail rejimi ABŞ-nin açıq dəstəyi ilə İranın dinc nüvə infrastrukturu və mülki obyektlərinə qarşı əvvəlcədən planlaşdırılmış, qanunsuz və məsuliyyətsiz hərbi zərbələr endirib.
İran nümayəndəliyi bu hücumları BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirib və Təhlükəsizlik Şurasını İsrailə qarşı konkret və qəti addımlar atmağa çağırıb.
Qeyd edək ki, hava hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Hüseyn Baqiri, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı general-polkovnik Hüseyn Səlami, “Xatəmül-Ənbiyə” Müdafiə Qüvvələrinin Mərkəzi Qərargah rəisi general-polkovnik Qülam Əli Rəşid və ən azı altı nüvə alimi həyatını itirib.
İran islam inqilabının lideri Ayətullah Seyid Əli Xameneyi isə məsələ ilə bağlı sərt açıqlama verib.
O, İsrailin bu hücumla "özünə acı və ağrılı bir tale yazdığını" bildirərək, bunun cavabını verəcəklərini vurğulayıb.
Hazırda vəziyyətlə bağlı regionda gərginlik artmaqda davam edir.
Səbinə Ugur
"Cebheinfo.az"