Ermənistan parlamentindən separatçılara son zərbə

Ermənistan Milli Məclisinin 44 günlük müharibədəki vəziyyətin araşdırılması üzrə komissiyası Qarabağda ağ bayraq qaldıraraq özünü buraxan qondarma rejimin sonuncu "prezidenti" Samvel Şahramanyanı dindirilmə prosesinə dəvət edib.
Lakin Şahramanyana göndərilən məktubda o, uydurma DQR-in “prezident”i kimi təqdim edilməyib. Dəvət məktubunda Samvel Şahramanyanın yalnız adı və soyadı yazılıb.
Cebhe.info-nun məlumatına görə, bu barədə “Hraparak” qəzeti açıqlama yayıb.
Qeyd edilir ki, Samvel Şahramanyanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvlərinin dəvətini rədd etmək üçün bütün əsasları olsa da o, bundan imtina etməyib.
“Lakin məlumatlara görə, Şahramanyanın deməyə sözü var. Ona görə də noyabrın 24-də görüşə gedəcək. Maraqlıdır ki, Şahramanyan müharibədən əvvəlki dövrdə “Milli Təhlükəsizlik Xidməti”nin məmuru kimi dəvət olunur. Bu barədə komissiyanın sədri Andranik Köçəryan bu günlərdə məlumat verib. Lakin nədənsə Komissiya keçmiş “baş nazir”, müharibədən əvvəl “baş prokuror” vəzifəsində çalışmış, müharibə ilə bağlı bütün səs-küylü işlərlə tanış olan Qurgen Nersisyanı dəvət etmir.
Cəlal Arutyunyana gəlincə, Komissiya onun məsələsi ilə bağlı hələ də qeyri-müəyyənlik içərisindədir. Andranik Köçəryanın Şahramanyandan sonra Cəlal Arutyunyanın dəvət ediləcəyini təsdiqləməsinə baxmayaraq, problem ondadır ki, Arutyunyan 44 günlük müharibə zamanı səhlənkarlıqda ittiham olunub və Komissiya ilkin olaraq cinayət işində iştirak edənlərin dindirilməsinə ehtiyac olmadığını qərara alıb.
Onların niyə fikirlərini dəyişdikləri və Arutyunyanın Komissiyaya dəvət edilib-edilməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, müxalifət bu Komissiyanın səlahiyyət müddətinin avqustda başa çatdığını hesab edir və onun qanunsuz fəaliyyətinə son qoyulması xahişi ilə Milli Məclisin sədrinə müraciət edib.
Milli Məclis Aparatının rəhbərliyi müraciəti qəbul etdiklərini və yaxın vaxtlarda cavab verəcəklərini bildirib”, - “Hraparak” belə yazır.
Müşfiq Abdulla
Cebhe.info