Fransada reyslər təxirə salınır: İşçilər nə istəyir?

Fransada reyslər təxirə salınır: İşçilər nə istəyir?

Fransada bəzi hava limanlarında işçilərin tətili səbəbindən sabahkı reyslər təxirə salınacaq. 

"Cebhe.info" xəbər verir ki, bu barədə Fransa Mülki Aviasiya Baş Departamenti (DGAC) məlumat yayıb.

Bildirilib ki, sabah “Paris-Orly” hava limanından həyata keçiriləcək uçuşların 75 faizi, “Şarl de Qoll” hava limanından isə uçuşların 65 faizi ləğv edilib.

Parisdən kənar hava limanları da tətildən mənfi təsirlənəcək.

Marseldəki beynəlxalq hava limanında uçuşların 65 faizinin, Tuluzada 60 faizinin, Nitsada isə 70 faizinin tətil səbəbindən həyata keçirilə bilməyəcəyi qeyd edilib.

DGAC xəbərdarlıq edib ki, ləğvlərlə yanaşı, uçuşlarda fasilələr və gecikmələr də ola bilər.

Dispetçərlərin Həmkarlar İttifaqı təşkilatı (SNCTA) iş şəraitinin yaxşılaşdırılması üçün Fransa hakimiyyəti ilə aparılan danışıqların nəticəsiz qalmasından sonra tətil etmək qərarına gəldiklərini açıqlayıb.

Tətil edən digər həmkarlar ittifaqı "TSCAC" isə yüksək maaşlar, işçilərə təzminat ödənilməsi və hava yolları xidmətlərinin yenidən təşkili kimi mövzularda Fransa Mülki Aviasiya Baş İdarəsi ilə razılaşa bilmədiklərini açıqlayıb.

Bir çox uçuşlara təsir edəcək aviaşirkət işçilərinin tətili ölkə mətbuatında geniş işıqlandırılıb. 

Fransa mediası tətil gününü "Qara cümə axşamı" kimi qiymətləndirib.

Nigar Hacılı 
"Cebhe.info"