Fridrix Mers yeni kabinetin tərkibini açıqladı: Biri türkəsillidir

Almaniya Federativ Respublikasının gələcək kansleri və Xristian Demokrat Birliyinin (XDS) lideri Fridrix Mers partiyasının təyin etdiyi yeni nazirlərin siyahısını təqdim edib.
Siyahıda ən böyük sürprizlərdən biri "MediaMarkt" konserninin rəhbəri Karsten Vildbergerin rəqəmsallaşma və dövlət idarəetməsi sahəsində İT üzrə nazir təyini olub.
Oxu.Az bu barədə "BILD Russian" nəşrinə istinadla xəbər verir.
Bildirilir ki, Vildberger daha əvvəl "T-Mobile", "Vodafone" və EON kimi böyük şirkətlərdə yüksək vəzifələrdə çalışıb.
Digər gözlənilməz təyinat isə Patrik Şnayderin nəqliyyat naziri postuna gətirilməsi olub. Hazırda o, XDS/XSS parlament fraksiyasında idarəedici vəzifəni tutur və Fridrix Mersə yaxın fiqur hesab edilir.
Komandaya, həmçinin Torsten Fray da daxil olacaq və o, kansler idarəsinin rəhbəri və xüsusi tapşırıqlar üzrə nazir təyin ediləcək.
Digər təyinatlar arasında: Yohann Vadefuhl (xarici işlər naziri), Katerina Rayxe (iqtisadiyyat naziri), Kristiane Şenderlayn (idman və könüllülük naziri), Mixael Mayster (federasiya və torpaqlar arasında əməkdaşlıq naziri), həmçinin xarici siyasət məsələləri ilə məşğul olacaq türkəsilli Serap Güler və Günter Krixbaum var.
"Cebheinfo.az"