Gürcüstan Prezidentindən qalmaqallı açıqlama

Gürcüstan Prezidenti ölkəsinin Rusiyaya qarşı müharibəyə cəlb edilməyə çalışıldığını bildirib.
Gürcüstan, Ukrayna müharibəsi başlayandan sonra xarici qüvvələr tərəfindən Rusiyaya qarşı müharibəyə cəlb edilməyə çalışılıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelashvili "Radio Courtoisie2”-yə müsahibəsində bildirib.
"Bizi nüvə dövləti ilə təkbətək qoyub deyirdilər: “İrəli gedin, biz sizə silah verəcəyik”. Gənc avropayönümlü qüvvələr isə bizi Rusiyaya qarşı müharibəyə çağırırdılar. Salome Zurabişvili hökumətini də buna məcbur edirdilər. Sual yaranır ki, Gürcüstan bu müharibəyə qoşulmalı idi?", - deyə Kavelashvili bildirib.
Onun sözlərinə görə, bu çağırışlar hərbi əməliyyatların ilk günündən başlayıb:
"Bizdən sanksiyalara qoşulmağımızı, Ukraynaya könüllülər göndərməyimizi və müharibəni dəstəkləməyimizi istəyirdilər. Halbuki biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvüyük".
Kavelashvili Gürcüstan hakimiyyətinin milli maraqları qorumasında xalqın böyük dəstək verdiyini qeyd edib.
O, keçmiş prezident Salome Zurabişvilinin fəaliyyətini tənqid edib:
"Gün gələcək, tarix etiraf edəcək ki, biz ölkəmizi xilas etdik. Biz vətəndaşlarımıza həqiqəti deməli idik. Təəssüf ki, o zaman prezident Zurabişvili Moldova və Ukraynanın arxasında dayanmışdı", - deyə o bildirib.
Xatırladaq ki, 25 fevral 2022-ci ildə Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, ölkə milli maraqlarını əsas götürərək Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
2023-cü ilin martın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstandakı səfirini geri çağırmışdı. Gürcüstanın bu qərarı ölkə daxilində müxalifət tərəfindən də sərt tənqid olunmuş və hakimiyyət Rusiya ilə əməkdaşlıqda ittiham edilmişdi.
Bundan əlavə, hakim partiyanın rəhbərliyi dəfələrlə Ukrayna hökumətini və bəzi Avropa siyasətçilərini Gürcüstan ərazisində ikinci cəbhə açmağa cəhd etməkdə günahlandırıb.
Onların fikrincə, bəzi qüvvələr Rusiyanı eyni anda Gürcüstanda da hərbi əməliyyatlara başlamağa təhrik etməyə çalışır.
Səbinə Uğur
"Cebheinfo.az"