İmamoğlunun sosial media hesabları bağlanır

İmamoğlunun sosial media hesabları bağlanır

Hazırda həbsdə olan CHP-nin prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun sosial media hesablarının bloklanması üçün məhkəməyə müraciət edilib. 

Bunu vəkil Burak Bekiroğlu açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Bekiroğlu “X” hesabında paylaşım edərək “İmamoğlu ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərə qarşı boykot çağırışı edərək iqtisadiyyatımıza zərər vurmağa cəhd edib”, - deyə qeyd edib. Burak Bekiroğlu İmamoğlunun İstanbul Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunduğunu xatırladıb: 

“Şübhəli Əkrəm İmamoğlu iddia olunan cinayətkar təşkilatın məqsədləri, prinsipləri və hədəfləri istiqamətində həbsxanadan verdiyi təlimatlarla X hesabını üçüncü şəxslərə istifadə etdirməklə, ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərə qarşı boykot çağırışı edərək iqtisadiyyatımıza zərər vurmağa cəhd edib.

Eyni zamanda, şəxsi maraqları naminə ictimaiyyəti aldadıcı məlumat yaymaqla məhkəmə sisteminə təzyiq göstərməyə çalışdığı müəyyən edildiyindən, onun “X” hesabının məhkəmə prosesi başa çatanadək Türkiyədən girişə bağlanması üçün Növbətçi İstanbul Sülh Cəza Hakimliyinə UYAP üzərindən müraciət edilib”. 

İmamoğlunun sosial media hesablarının bloklanması ilə bağlı müraciətə CHP reaksiya verib. CHP qrup başqan vəkili Ali Mahir Başarır bu qərara sərt reaksiya verərək bunları bildirib: 

“Guya hüquqçu olan biri prezidentliyə namizədimiz, cənab Əkrəm İmamoğlunun sosial media hesablarının bağlanması üçün məhkəməyə müraciət edib.

Anlayın ki, nə bizi, nə də namizədimizi susdura bilərsiniz! Bütün sosial media hesablarımız cənab Əkrəm İmamoğlunundur. Həbslərlə, qadağalarla, təhdidlərlə bizi susduracağınızı düşünməyin!” 

Əfsanə Rəcəb
 “Cebheinfo.az”