İsrailin səfiri ölkəni tərk etdi

İsrailin səfiri ölkəni tərk etdi

Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsib.

Bundan sonra İsrailin Boqotadakı səfiri ölkəni tərk edib.

"Cebhe.info" xəbər verir ki, İsrailin Boqotadakı səfiri Qali Daqan sosial media hesabında paylaşdığı videoda "Çox sağ ol, Kolumbiya. Bizə qarşı çox mehriban oldunuz. Qardaş ölkələrimiz və xalqlarımız arasında dostluq üçün iki il yorulmadan çalışdınız. Mən artıq sənin üçün darıxmağa başlamışam",- deyə qeyd edib.

Yerli mətbuatın məlumatına görə, Kolumbiyanın Təl-Əvivdəki səfiri Marqarita Manjarrez də iyunun sonuna kimi İsraildəki diplomatik missiyasını başa vuracaq.

Xatırladaq ki, Kolumbiya Prezidenti Qustavo Petro mayın 1-də verdiyi açıqlamada Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrin kəsiləcəyini açıqlayıb. İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro deyib: "Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir, biz soyqırım dövrünə geri qayıda bilmərik. İnsanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölürsə, bəşəriyyət də ölür”.

Nigar
"Cebhe.info"