Partiyalar növbədənkənar seçkini necə dəyərləndirir?

Partiyalar növbədənkənar seçkini necə dəyərləndirir?

Xəbər verdiyimiz kimi, Milli Məclis parlametin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə bağlı qərar verib.

Qeyd edək ki, hazırda parlamentdə 11 partiya təmsil olunur. Onlar Yeni Azərbaycan Partiyası (YAP), Milli Cəbhə Partiyası (MCP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Böyük Quruluş Partiyası (BQP), Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Vətəndaş Birliyi Partiyası (VBP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və ReAl Partiyasıdır. Növbədənkənar parlmanet seçkilərindən sonra isə Milli Məclisdə təmsil olunan partiyaların sayının artması ilə bağlı ehtimallar səsləndirilir. Məsələn, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azad Vətən Partiyası (AzVP), Azərbaycan Ümid Partiyası, AĞ Partiya və başqa partiyaların parlamentdə təmsil olunma ehtimalları var. 

“Cebhe.info” parlamentin buraxılması ilə bağlı partiya sədrləri ilə həmsöhbət olub:

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, parlamentin buraxılması Azərbaycan üçün vacib bir məqamdır:

“Ümumiyyətlə, parlament seçkilərinin keçirilməsi həmişə çox böyük hadisə olub. 

Parlament seçkilərində bir çox partiyanın şansları olur. Biz də öz partiyamızı çox şanslı partiya hesab edirik. Çünki bizim Qarabağ Azadlıq Təşkilatı olaraq 30 illik ictimai-siyasi fəaliyyət təcrübəmiz var. Həmçinin, 2000-ci ildən bəri parlament seçkilərində iştirak təcrübəsinə də malikik. Mən və digər üzlərimiz deputatlığa namizəd olublar. 

Ona görə də hesab edirəm ki, növbədənkənar parlament seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi olacaq. Bir çox dəyişikliklər də gözlənilir. Azad Vətən Partiyası olaraq şanslarımızı da yüksək qiymətləndiririk. Düşünürük ki, partiyamız seçkilərinin nəticələrinə görə parlamentin əsas 2-3 partiyasından biri olacaq. Həm dairələrin və namizədlərin müəyyən olunması,  həm də şüarlarımız və seçki platformamızla bağlı hazırlıqlarımız davam etdirilir”.

AĞ Partiya başqanı Tural Abbaslı bildirib ki, parlamentin buraxılması gözlənilən idi:

“Parlament seçkilərinin COP29-la eyni vaxta düşdüyü üçün önə çəkiləcəyi proqnozlaşdırılırdı. Böyük ehtimalla, sentyabrın ilk həftəsində növbədənkənar parlament seçkiləri keçirilə bilər. İyul ayının ilk günlərində isə seçki prosesinin başlaması gözlənilir. Biz parlamentin buraxılmasını və növbədənkənər parlament seçkilərinin keçirilməsini müsbət qiymətləndiririk. 

Ümumiyyətlə, parlament seçkiləri hər bir partiya üçün şansdır. Biz də AĞ Partiya olaraq bu şansdan istifadə etmək niyyətindəyik. Parlament seçkilərinin erkən keçirilməsi ilə bağlı da heç bir etirazımız yoxdur. Əksinə, nə qədər tez keçirilsə, o qədər yaxşıdır. Biz də partiya olaraq maksimum namizədlə seçkilərdə şəkildə iştirak etməyə çalışacağıq. Hədəfimiz parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) sonra əsas partiyalardan biri olmaqdır”.

Elmir Mustafa
“Cebhe.info”