Hava şəraiti tarlalarda xəstəlik yaradıb

Hava şəraiti tarlalarda xəstəlik yaradıb

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları tərəfindən Salyan rayonunun üzümçülük təsərrüfatlarında “Qeyri sabit hava şəraitinin üzümün məhsuldarlığına, inkişafına və xlorozların meydana çıxmasına təsiri” mövzusunda tarla seminarı keçirilib. 

“Cebhe.info” xəbər verir ki, tədbirdə üzüm bağlarında qeyri-sabit keçən hava şəraitinin meydana çıxardığı fəsadlar və mənfi təsirlərin aradan qaldırılması məqsədilə aqronomiq tədbirlərin elemetləri, o cümlədən ən çox müşahidə edilən saralmalar, çiçəklərin həddən artıq tökülməsi, qoralaşmanın zəifləməsi və onlara qarşı mübarizə tədbirləri müzakirə olunub. ÜŞETİ-nin direktoru Vüqar Səlimov qeyd edib ki, üzümdə “qeyri-parazitar” xəstəliklər (sarlamalar, yaxud xlorozlar, nekroz ləkələri və s.) qida elemetlərinin çatışmazlığı zamanı müşahidə edilir. Belə ki, qida çatışmazlığının ən geniş yayılan əlamətlərinin əsası xlorozdur. Xloroz xəstəliyi torpağın bitki üçün əlverişsiz olması, maddələr mübadiləsinin pozulması, torpaqda qida maddələrinin çatışmazlığı, yaxud da həddən artıq çoxluğu, minerallaşma və mikrobioloji proseslərin pozulması nəticəsində baş verir. Torpaqda rütubətin az və ya həddən artıq çox olması, hava və torpaqda temperaturun az olması, köklərin müxtəlif təsirlərdən zədələnməsi, torpaqda duzların çoxluğu, dəmirin isə az olmasını və s. göstərmək olar. Qida maddələrinin çatışmazlığı zamanı simptomlar adətən vegetasiyanın əvvələrində meydana çıxır. 

Qida çatışmazlığı zamanı yarpaq rəngdəyişmələri ilə yanaşı, fotosintez prosesi kəskin pozulur, tənəyin inkişafı tamamilə zəifləyir, çiçəkləmə və mayalanma prosesi pozulur, xəstəlik və zərərvericilərə qarşı davamlılıqları azalır və s. Sonda isə tənəyin məhsuldarlığı kəskin azalmaqla, keyfiyyətsiz məhsul alınır, tənək inkişafdan qalır. Daha sonra üzüm sahələrinə baxış keçirilib, zərər görmüş tənəklərin xəstəliyinin baş vermə səbəbləri və həlli yolları barədə məlumat verilib. Mineral qida maddələrinin çatışmazlığından əmələ gələn əlamətlər müxtəlif xarakterli olub, müqayisəli təhlil nəticəsində iki böyük qrup şəklində təsnif edilir: I qrup: Bitkidə azot, fosfor, kalium və maqneziumun çatışmazlığı nəticəsində əsasən yaşlı yarpaqlarda meydana çıxan əlamətlərdir. Bu elementlərin çatışmazlığından baş verən əlamətlər əvvəl yaşlı hissədə müşahidə olunur, sonra isə tədricən cavan hissələrə sirayət edir. Bu qrup əlamətlər də özlüyündə iki formada təzahür edir: birinci halda (I yarımqrup) az və çox dərəcədə müşahidə edilən xloroz yarpaqların tam ayasını əhatə edir (azot və fosfor çatışmazlığı); ikinci halda (II yarımqrup) əlamətlər bütünlüklə yarpağı deyil, onun müəyyən hissəsini əhatə edir ki, bu da yaşıl rəngin itirilməsi ilə (xloroz), bəzən də yarpağın ayrı-ayrı sahələrinin ölməsi ilə (nekroz) ləkələr şəklində özünü ifadə edir. II qrup: Burada simptomlar bitkinin böyümə nöqtəsində və cavan yarpaqlarında müşahidə edilir. Bu simptomlar bitkidə kalsium, bor, kükürd, dəmir, mis və manqanın çatışmazlığı nəticəsində baş verir.

Bu elementlərin çatışmazlığı zamanı boyatmanın nəzərəçarpacaq dərəcədə ləngiməsi müşahidə olunur və yarpaqlar gövdədə dik vəziyyət almağa can ataraq onunla iti bucaq əmələ gətirirlər. Bu simptomlar şərti olaraq üç yarımqrupa bölünür: a) cavan yarpaqların yaşıl rəngin itirilməsi böyümə nöqtəsi zədələnmədən (qurumadan) baş verir ki, bu da dəmir, kükürdvə ya manqanınçatışmazlığına işarə edir; b) yarpaqların yaşıl rəngin itirilməsi uc gözcüyün (təpə tumurcuğunun) ölməsi ilə müşahidə olunursa bu kaliumvə ya borçatışmazlığına işarə edir; c) bu yarımqrupun simptomları üçün xlorozun inkişaf etməsi və uc gözcüyün (təpə tumurcuğunun) ölməsi xarakterik deyil. Bu əlamətlərə yalnız özünü yuxarı yarpaqların solması ilə büruzə verən mis çatışmazlığı simptomları aiddir. 

Bu il də ilkin yazda (martın axırları və apreldə, o cümlədən mayın əvvəllərində) havaların nisbətən soyuq keçməsi, müşahidə edilən şaxtalar, yağıntıların həddən artıq az və həddən artıq çox düşməsi nəticəsində bir sıra sortların tənəklərində xloroz müşahidə edilib. Bunu aradan qaldırmaq üçün təcrübələr aparılıb və belə qənaətə gəlinib ki, ayrı-ayrı illərdə bu hadisə ilə qarşılaşdıqda saralma müşahidə edilən tənəklərin gövdə ətrafına ammonium nitrat və kalium sulfat gübrələrini (40-50 qram ammonim-nitrat və 40-50 qram kalium-sulfat) qarışdırıb səpmək və sulamaq müsbət nəticə verir. Bununla yanaşı həmin tənəklərə may və iyun ayının əvvəllərinə qədər (xloroz aradan qalxana qədər) 7-12 gündən bir (3-4 dəfə) tərkibində dəmir elementi də olan yarpaq gübrələrinin (Razormin, Attack, Elifer kombi və s.) çilənməsi məqsədəuyğundur. Yuxarıda göstərilən hava şəraiti Abşeronda müşahidə olunanda xloroz əsasən yerli Ağ şanı, Sarıgilə, Xatını, Qara pişraz, Qara şanı, Qızıl üzüm, Kişmişi və s. üzüm sortlarında müşahidə olunur.

Nigar 
“Cebhe.info