“Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya TƏKLİF EDİLİR

“Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya TƏKLİF EDİLİR

“Biz AĞ Partiya olaraq indiyə kimi cəmiyyətdəki bir çox sosial məsələləri diqqətə çatdırmışıq”.

Bu sözləri AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Cümhuriyət”ə açıqlamasında deyib. O, sözügedən məsələlərin müzakirə edilməsinin vacibliyini bildirdiklərini söyləyib: 

“İnşallah, parlamentdə düşsək, “uşaqpulu”, pensiya, müavinətlər, hərbçilərin maaşı kimi məsələləri diqqətə çatdıracağıq. Həmçinin, şəhid ailələri və qazilərə diqqət artırılmalıdır. Hesab edirik ki, təqaüdlər artırılmalı, pensiya yaşı isə aşağı salınmalıdır”. Həmsöhbətimiz qeyd edib ki, AĞ Partiya “uşaqpulu” verilməsini təklif edir: 

“Bizim hesablamalarımıza əsasən, “uşaqpulu” vermək üçün ildə 2 milyard manat lazımdır. Yəni bunu həll etmək olar. “Uşaqpulu”nun 18 yaşa qədər verilməsini təklif edirik. “Uşaqpulu” üçün minimum yaş isə 16 yaş olmalıdır. Yəni 16 yaşa qədər “uşaqpulu” ödəmək olar. Ən azından hər uşaq üçün 100 manat ödəmək mümkündür.

Üstəlik, bunun dövlət büdcəsinə əlavə yük olması ilə bağlı fikirlərlə də razı deyiləm. Məncə, Azərbaycan dövləti illik 2 milyard manat pulu vermək gücündədir”. 

O, bu pulu qarşılamaq üçün atıla biləcək addımlardan da söz açıb: 

“Bu pulu qarşılamaq üçün yerli məhsullarımızın idxalını artıra bilərik. Xarici brend sayında qonşu ölkələri keçməliyik. Həmçinin, turizm və digər qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bizim də dönər və ya qamburqer kimi özümüzəməxsus qida brendimiz ola bilər. Ən azından, xaçapuri kimi öz brendimizi ortaya çıxara bilərik. İnsanlar uşaq üçün aylıq hansısa miqdarda evə pul gəldiyini hiss etməlidirlər. Bundan başqa, 4 uşaqlı ailələrlə pulsuz evlər verilməlidir. Bu, populist səslənə bilər, amma elə deyil. Bakıda bunun üçün kifayət qədər boş ev var. Bu məsələlərin həll olunması üçün parlamentdə təkliflər verilməlidir”. 

Əhəd Məmmədli bildirib ki, pensiya yaşı aşağı endirilməlidir: 

“Hesab edirik ki, xanımların pensiya yaşı 60-dan aşağı olmalıdır. Konkret olaraq, qadınların pensiya yaşı 57-58 ola bilər. Kişilər isə 60 və ya 62 yaşında pensiyaya çıxmalıdır. Nəzərə almaq lazımdır ki, ölüm yaşı da cavanlaşır. Məsələn, ötən gün qonşumuz 60 yaşında vəfat etdi”. 

Sədr müavininin sözlərinə görə, minimum əməkhaqqını da artırmaq lazımdır: 

“Neft və qaz ölkəsində minimum əməkhaqqı ən azı 800 manat olmalıdır. Minimum əməkhaqqı məsələsində Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə kimi ölkələri keçməliyik. Biz bu məsələdə Avropa səviyyəsinə gəlməliyik. Düşünürəm ki, korrupsiyanın və bədxərcliyin qarşısı tamamilə alınsa, bunu edə bilərik. Bizim əsas prioritet təkliflərimizdən biri də hərbçilərimizin maaşını artırmaqdır. Hesab edirik ki, onların maaşı minimum 1200-1500 manat olmalıdır. Çünki 20-25 il xidmət edən çətin peşə sahiblərinə daha yüksək maaş verilməlidir”. 

Elmir Mustafa
"Cebhe.info"