Bəşər Əsəd həbs oluna bilər

Bəşər Əsəd həbs oluna bilər

Paris Apellyasiya Məhkəməsi Suriya Prezidenti Bəşər Əsədə qarşı 2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə bağlı qəbul olunan həbs qərarının ləğvindən imtina edib.

Belə ki, məhkəmə vəzifədə olan prezidentlərin toxunulmazlığına görə Milli Antiterror Prokurorluğunun (PNAT) orderi ləğv etmək tələbini rədd edib. 

Məlumata görə, 2023-cü il noyabrın 15-də Fransa məhkəməsi kimyəvi silahdan istifadə ilə bağlı dörd həbs qərarı vermişdi. 

“Cebhe.info” "Agence France-Presse"-ə istinadən xəbər verir ki, Suriya lideri ilə yanaşı, onun Respublika Qvardiyasının komandiri olan qardaşı Mahir Əsədə, eləcə də adları açıqlanmayan daha iki generala qarşı ittihamlar irəli sürülüb.

Suriya Prezidentinin həbsinə order verildikdən sonra məhkəmənin qərarına etiraz edilib.

Xatırladaq ki, Suriyada kimyəvi maddələrin istifadəsi ilə bağlı xəbərlər 2012-ci ildə ortaya çıxmağa başlayıb. Ən böyük hücum 2013-cü ilin avqustunda Dəməşqin sıx məskunlaşma olan Şərqi Quta bölgəsində olub. Müxtəlif hesablamalara görə, kimyəvi silah 300-dən 1700-ə qədər insanın ölümünə səbəb olub.

Həsən Məmmədov
“Cebhe.info”