Deputat bələdiyyələrlə bağlı problemdən danışdı: "Bələdiyyələr yamaq yox..."

Deputat bələdiyyələrlə bağlı problemdən danışdı: "Bələdiyyələr yamaq yox..."

"Bələdiyyələrlə bağlı məni ən çox narahat edən üç məqam var. Birincisi, bələdiyyələr üzərindən "torpaq satan" damğasının götürülməsi üçün xeyli əməli işə ehtiyac var. Bələdiyyə institutunun işləməsi üçün gərək vətəndaşların onlara inamı artırılsın. Çünki sakinlər deyir ki, onların bacardığı iş torpaq satmaq, icarəyə vermək və satmaq üçün yeni-yeni boş sahələr axtarmaqdır".  

"Cebhe.info" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu damğanın aradan qaldırılması üçün  bələdiyyələrin statusunun daha da artırılması onların yerli inkişafda əsas fiqura çevrilmələri və vətəndaşlar qarşısında birbaşa məsuliyyət daşımalarından asılıdır:

"Bələdiyyələr yamaq yox, söz sahibi olmalıdır. Bunun üçün də dediyim ikinci məsələdən irəli gələn əsas iş bələdiyyələrə  əlində olanı satıb kasıb qalma, əlində olanı özün biznesə çevir və pul qazan deyə öyrətməkdir. Bunun üçün dövlət nəzarəti və beynəlxalq inkişaf agentliklərinin iştirakı ilə onlara biznes planların hazırlanması, kredit ayrılması təşkil oluna bilər.  Çünki bələdiyyələr öz bilik-bacarıqları və resursları ilə çətin ki, qazanc gətirən biznes qurub əhaliyə xidmət göstərə bilsinlər. 

Niyə bu qədər şikayətlər alırıq, niyə narazıların sayı artır və hamı problemlərin həllini Prezident Administrasiyasında və Milli Məclisdə görür? 

Çünki yerlərdə problemlərin həlli zəifdir. Bələdiyyələr deyir ki, vəsaitimiz yoxdur, icra hakimiyyətləri deyir ki, vəsaitimiz azdır. Kifayət qədər vəsait də heç zaman olmayacaq. Varlı ölkələrdə də büdcə vəsaiti heç zaman bəs etmir. Əslində, dövlət və bələdiyyə qurumlarının dövlət büdcəsindən pay umması doğru deyil. 

Bələdiyyələrin imkanları var, yaxud imkan yaratmaq olar ki, onlar özləri qazanc götürüb yerli inkişafa qoysunlar. Həm bələdiyyə, həm də icra hakimiyyətləri elə tərzdə olmalıdır ki, yerli səviyyəli problemlər Prezident Administrasiyasına və Milli Məclisə daşınmasın, yerlərdə həll olunsun". 

Razi Nurullayev sonda əlavə edib ki, deyilən təklifləri yerinə yetirməklə buna nail ola biləcəyimizə ümid edir.

Vilayət Muxtar 
"Cebhe.info"