Gəmilərə də sanksiya tətbiq edilib

Gəmilərə də sanksiya tətbiq edilib

Cənubi Koreya 8 Şimali Koreya vətəndaşı, 5 qurum və 4 Rusiya gəmisinə sanksiya tətbiq etmək qərarına gəlib.

"Cebhe.info" xəbər verir ki, "Yonhap"-da yer alan xəbərə görə, Cənubi Koreya Xarici İşlər Nazirliyi 4 Rusiya gəmisi, 8 Şimali Koreya vətəndaşı və 5 quruma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozaraq qeyri-qanuni silah, yanacaq ticarəti və digər fəaliyyətlərlə məşğul olduqları üçün sanksiya tətbiq edəcək. 

 Sanksiyaya məruz qalan qurumlar arasında dünənki raket buraxılışına cavabdeh olan Şimali Koreyanın Raket İdarəsi də var.  Digər qurumlara Moskva ilə Pxenyan arasında silah ticarətinə cavabdeh olan Rusiyada yerləşən “M-Leasing LLC” və Rusiya neftini Şimali Koreyaya satan Gürcüstanda yerləşən “Euromarket” daxildir.

Nazirlik sanksiyaların Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin arasında iyunun 19-da Pxenyanda keçirilən sammit zamanı imzalanan “hərtərəfli strateji tərəfdaşlıq sazişi”nə cavab olduğuna diqqət çəkib.

Sözügedən dörd Rusiya gəmisi Şimali Koreyanın nüvə və raket silahlarının inkişafı üçün mühüm resurs olan təmizlənmiş neftin bu ölkəyə tədarükündə rol oynayırdı.

Sanksiyaya məruz qalan Rusiya gəmilərinin Cənubi Koreya limanlarına daxil olması üçün xüsusi icazə tələb olunacaq.

Qeyd edək ki, sanksiyaya məruz qalan 8 Şimali koreyalının hamısı ölkənin Raket Administrasiyasında raketlərin hazırlanması və idarə olunması fəaliyyətlərində iştirak edir.

Nigar Hacılı 
"Cebhe.info"