Xameneyi xalqı səsverməyə çağırdı

Xameneyi xalqı səsverməyə çağırdı

İran ali dini lideri Əli Xameneyi xalqı növbədənkənar prezident seçkilərində iştiraka çağırıb. 

“Cebhe.info” xəbər verir ki, o, Tehranda səs verdikdən sonra xalqa səslənib. 

Xameneyi jurnalistlərə açıqlamasında 19 mayda helikopter qəzasında həyatını itirən mərhum prezident İbrahim Rəisi və digərlərini yad edərək başlayıb. O, seçki günlərini iranlılar üçün “xoşbəxtlik və sevinc günləri” adlandırıb:

 “Qərarsız seçiciləri də səsvermədə iştirak etməyə çağırıram. İslam Respublikasının davamlılığı, sabitliyi və dünyadakı etibarı xalqın varlığından asılıdır. Bu səbəblə də xalqımızı seçkilərdə fəal şəkildə iştirak etməyə çağırıram. Xalqımıza bu mühüm sınağa qatılmağı tövsiyə edirəm”.

Xameneyi sözlərini belə yekunlaşdırıb: 

“İnşallah, bu ölkə üçün ən yaxşı və ən faydalı namizəd seçilər. Allahın köməkliyi ilə qarşıdakı illər xeyirli olar və insanlar seçimlərindən razı qalarlar”.

Qeyd edək ki, prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Rəhbərin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır. 

Elmir Mustafa 
“Cebhe.info”