Mühafizəkarlar parçalanır: Azərbaycanlı namizədin əli güclənir

Mühafizəkarlar parçalanır: Azərbaycanlı namizədin əli güclənir

İran prezidentliyinə namizədlər Məhəmməd Bağir Qalibaf və Səid Cəlili  Məşhəd şəhərində görüş keçiriblər. 

“Cebhe.info”-nun məlumatına görə, bu barədə media fəalı Əli Qafarian özünün "X" sosial platformasında yazıb. 

Qafarian bildirib ki, namizədlərin söhbəti fundamentalizm prosesində konsensusa nail olmaq məqsədi daşıyıb. Qalibaf və Cəlili arasında qapalı keçən görüşün İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar Qaaninin iştirakı ilə baş tutduğu qeyd edilir.  

Lakin görüşün “Parsine” xəbər portalının “Khabar Online”-a istinadən yaydığı məlumat əslində sözügedən görüşün təfərrüatının tamamilə fərqli mövzuda olduğunu göstərir. Mənbə Səid Cəlilinin Qalibafın xeyrinə geri çəkilmədiyini bildirir. Səid Cəliliyə yaxınlığı ilə seçilən “Rajanews”-un redaktoru da “X” sosial platformasında Qalibaf və Cəlili arasında hələ də konsensusun olmadığını qeyd edib. Hətta bu məlumat “Cəlili getmir” başlığı ilə təqdim edilib. 

Bütün bunlar seçkilərə bir gün qalmış mühafizəkarların düşərgəsində ciddi fikir ayrılığının yarandığını göstərir. Tehranın meri Əlirza Zəkani və vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi namizədliklərini geri götürüb. Namizədlər arasında ən aşağı reytinqə malik sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədinin də geri çəkilməsi ehtimalı yüksəkdir. Prezident kürsüsü uğrunda parlamanetin sədri Məhəmməd Bağir Qalibafın qələbə qazanacağı gözlənilir.

İran cəmiyyətində  yüksək nüfuza malik olmayan Qalibafın şansını artıran səbəb ali rəhbər Ayətullah Seyid Əli Xameneyinin ona etimad göstərməsi ilə bağlıdır. SEPAH-ın hərbi-kosmik qüvvələrinə vaxtilə komandanlıq etmiş general Qalibafı "inqilab keşikçiləri" də dəstəkləyirlər.

Ona görə də prezident postuna onun gətiriləcəyi gözlənilir. Qalibafdan fərqli olaraq, Xameneyinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə yüksək siyasi reytinqə malik deyil. Bu da siyasi istiblişmenti arasında onun tərəfdarlarının sayının az olması ilə bağlıdır.

Ona görə də seçkilər öncəsi digər namizədlərin geri çəkilməsi islahatçıların nüfuzlu namizədi olan, azərbaycanlı Məsud Pezeşkiana qarşı mübarizədə M.Qalibafın əlini gücləndirə bilərdi. Lakin Səid Cəlilinin güzəştə getmək istəməməsi Qalibaf üçün siyasi problem yaradıb.

Bu da Cəlilinin prezidentlik postuna kifayət qədər iddialı olduğunu göstərir. Səid Cəlilinin Məhəmməd Bağir Qalibafın xeyrinə seçkilərdən çəkilməməsi həm də onların arasındakı münasibətlərin soyuq olması ilə izah edilir. Hər iki namizədin tərəfdarları bir-birinə qarşı sərt ittihamlar səsləndirirlər.

Reallıqda Qalibafla Cəliliyə xalqın münasibətində çox az fərq var. Görünür, bir neçə dəfə prezident seçkilərində nailiyyət qazana bilməyən və adı korrupsiya qalmaqalında hallanan Qalibafın xeyrinə prezidentlikdən imtina etməyi Səid Cəlili özünün siyasi reputasiyası üçün nöqsan hesab edir.  

Cəlili yalnız ali rəhbərin təzyiqi nəticəsində güzəştə gedə bilər.  Onun sona qədər mübarizə aparması və Xameneyiyə yaxın şəxs olması mühafizəkarlar arasında bölünməyə səbəb ola bilər. Bu da səsvermə prosesində Pezeşkianın lehinə işləyən amil olmaqla yanaşı, onun tərəfdarlarını həvəsləndirəcək amildir.        

Müşfiq Abdulla
“Cebhe.info”