Kremldə güclərin savaşı başlayıb

Kremldə güclərin savaşı başlayıb

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Mahaçqala, Dərbənd şəhərlərində baş verən terror hücumu nəticəsində ölənlərin və yaralanların sayı artıb.

Qeyd edək ki, dünən axşam saatlarında Dərbənd və Mahaçqalada iki kilsə və bir sinaqoqa, o cümlədən polis postuna terror hücumu həyata keçirilib. Terror hücumu nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşıdır. 44 nəfər isə xəsasət alıb, onlardan 37-nin hüquq-mühafizə orqanlarının əməkdaşı olduğu deyilir. 

Artıq Müharibə Araşdırmaları İnstitutunun məlumatında Mahaçqala və Dərbənddə terror hücumunun “İslam Dövləti”nin Şimali Qafqaz qolu olan “Vilayət-Qafqaz” tərəfindən törəldiyi bildirilir. Qeyd edilir ki, hücumdan sonra “IS-K Al-Azaim Media”-nın Rusiya filialı bəyanat yayaraq, “Qafqazdan olan qardaşlarını” nəyə qadir olduqlarını nümayiş etdirdiklərinə görə tərifləyib. 

Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturu bildirib ki, “Vilayəti Qafqaz” martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”a hücumdan sonra fəallaşıb və aprel ayından etibarən Şimali Qafqazda insanların ələ alınması ilə bağlı çağırışları gücləndirib. 

Maraqlıdır, Mahaçqala və Dərbənddə son terror hadisələri xarici qüvvələr tərəfindən koordinasiya olunub? Yoxsa, bu, Prezident Vladimir Putinin daxildəki narazılıqları aradan qaldırmaq üçün planı ola bilər? Dağıstanda qeyri-sabitliyin davam etməsi Azərbaycan üçün ciddi təhlükə yarada bilərmi? 

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə “Cebhe.info”-ya şərhində qeyd edib ki, Dağıstandakı terror hadisələrinin xarici qüvvələrlə heç bir bağlantısı yoxdur. 

“Bu, Rusiyanın daxilində Putinin siyasətindən narazı olan qüvvələrin işidir. Bu qüvvələr dövlətin mühüm strukturlarında yüksək post tutan, hərbi elitaya və biznes dairələrinə daxil olan şəxslərdir. Onlar mövcud rejimə qarşı açıq şəkildə narazılıqlarını bildirmirlər. Ona görə də həmin qüvvələr müxtəlif mexanizmlərə əl atmaqla elə bir mühit yaratmaq istəyirlər ki, ölkədə sabitlik pozulsun və təhlükəsizliyə qarşı təhdidlər artsın. Bununla da elə bir rəy yaratsınlar ki, Putin və onun komandası ölkəni idarə edə bilmir və ölkə xaosa sürüklənir. Yəni xalqda elə bir fikir yaranmalıdır ki, Putin hakimiyyətdən getməli və onun yerinə başqa şəxs gəlməlidir. Qeyd edim ki, istər dövlətin yüksək vəzifələrində oturan, istərsə də oliqarxiya sistemində “at oynadan” qüvvələr son otuz ildə ölkənin sərvətlərini qarət edib Qərbə milyardlarla pul yatırıb, bahalı mülklər və evlər alıblar. Putinin Ukrayna siyasəti ucbatından onların Qərbdəki sərvətlərinə təhlükə yaranır. Putin hakimiyyəti ilə açıq mübarizə aparmırlar, çünki Putinin əlində elə güclü təsir rıçaqları var ki, o, asanlıqla rəqiblərini sıradan çıxara bilir”. 

Politoloq Dağıstandakı son hadisələrin Putinin daxildəki narazılıqları aradan qaldırmaq üçün planı olması ilə bağlı səsləndirilən fikirləri əsassız adlandırıb: 

“Putinə ölkə daxilində sabitlik və təhlükəsizlik təminatı lazımdır ki, Ukraynada müharibəni davam etdirsin. Hesab edirəm ki, bu hadisələr Putin hakimiyətinə son qoymaq istəyən qüvvələr tərəfindən planlaşdırılıb”. 

Şimali Qafqazın hər zaman həssas bölgə olmasına gəlincə, Z.Əlizadə vurğulayıb ki, bu bölgədə istənilən zaman vətəndaş müharibəsi ehtimalı özünü doğrulda bilər: 

“İstənilən zaman daxildə vətəndaş müharibəsi baş verə bilər. Ümumiyyətlə, Rusiyanın bu bölgəsində çox böyük haqsızlıqlar var, dinc əhaliyə zülm olunur və ədalətsizlik hökm sürür”. 

Z.Əlizadə Dağıstanda son proseslərin Azərbaycan üçün heç bir təhlükə yaratmayacağını bildirib:

“Azərbaycan öz sərhədlərini mükəmməl şəkildə qoruyur, ölkə daxilində sabitliyi və təhlükəsizliyi tam təmin edib. Heç bir xarici qüvvənin ölkəmizi təhdid etmək imkanları yoxdur”. 

Yunis Abdullayev 
“Cebhe.info”