Keyr Starmer Putinə təzyiqi artırmağa çağırıb

İngiltərənin Baş naziri Keyr Starmer dünya liderlərini Rusiya Prezidenti Vladimir Putinə təzyiqləri artırmağa çağırıb.
“Cebheinfo.az” xəbər verir ki, Starmer dünya liderlərinə müraciət edərək Ukraynada atəşkəs üçün Putinin danışıqlar masasına oturmağa məcbur edilməsini istəyib.
Baş nazir bunu İngiltərənin ev sahibliyi etdiyi və dünya liderlərinin Ukrayna mövzusunu müzakirə etdiyi onlayn görüşün açılışında çıxışı zamanı deyib.
Starmer Ukrayna və ABŞ-nin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərə toxunub. Həmçinin, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin 30 günlük qeyd-şərtsiz atəşkəsə razılıq verməklə ölkəsinin sülh tərəfdarı olduğunu göstərdiyini vurğulayıb.
Buna baxmayaraq, Putin üçün vaxt udmaq məqsədilə hərəkət etdiyini deyən Baş nazir bildirib ki, əgər Rusiya lideri sülh məsələsində ciddi olsaydı, Ukraynaya qarşı barbar hücumlarını dayandırar və atəşkəsi qəbul edərdi.Nazir çıxışında bildirib ki, sadəcə geri çəkilib bunun baş verməsini gözləyə bilmərik:
“İrəliləməyə davam etməliyik, irəli getməliyik və təhlükəsiz, davamlı bir sülhü təmin etməliyik. Bu, Ukraynanın müdafiəsini gücləndirmək, mümkün hər hansı razılaşmanı qorumağa hazır olmaq və Putini masaya oturmağa məcbur etmək üçün könüllü koalisiya yaratmaq deməkdir".
Starmer Ukraynada sülhün təmin edilməsi üçün bu ölkənin müdafiəsinin maliyyə və digər dəstəklərlə gücləndirilməsinin vacibliyini də qeyd edib:
“Vladimir Putin gec-tez danışıqlar masasına gəlmək məcburiyyətində qalacaq”.
Əfsanə
“Cebheinfo.az”