Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü”: “Etik normaların pozulması...”

Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü”: “Etik normaların pozulması...”

“Bu gün televiziyanın və medianın ümumi fəaliyyətindən tam razı olan bir insan təsəvvür etmirəm”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli deyib.

Onu sözlərinə görə, hazırda medianı birmənalı şəkildə "çox yaxşıdır" və ya "çox pisdir" deyə qiymətləndirmək düzgün olmaz:

“Media bizə nə zaman lazımdır? Məlumat alanda, baş verən hadisələrlə bağlı dürüst və dəqiq informasiya əldə edəndə, şərhləri dinləyəndə, müxtəlif yanaşmaları görəndə. Hesab edirəm ki, media cəmiyyət üçün bir güzgü rolunu oynayır.

Həsən bəy Zərdabinin dediyi kimi, bizim media vilayətimizin, ölkəmizin, cəmiyyətimizin bir güzgüsü olmalıdır. Bu güzgü şəffaf, parlaq, dəqiq olmalıdır və hər şeyi göstərməlidir.

Media bu vəzifəni yerinə yetirirsə, o bizim üçün yaxşı media sayılır. Əgər media hadisələri tam şəkildə əks etdirirsə, öz vəzifəsini yerinə yetirir. Lakin hadisələri təhrif edirsə, yalnız müəyyən məqamları işıqlandırıb digərlərini gizlədirsə, o zaman bu, uğursuz media sayılır.

Əgər media yalnız müsbət tərəfləri göstərir, tənqidə yer ayırmır, nöqsanların üzərinə işıq salmırsa, demək ki, bu, artıq jurnalistika deyil, sadəcə təbliğat alətidir. Ona görə də jurnalistlər bu məsələyə həssas yanaşmalıdırlar”.

Əməkdar jurnalist qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən televiziyalardan cəmiyyətin gözləntiləri daha yüksəkdir:

“Televiziyaları qiymətləndirərkən onların hüquqi statusuna, əmlak mənsubiyyətinə və konsepsiyasına diqqət yetirmək lazımdır. Məsələn, dövlət büdcəsindən maliyyələşən televiziyalardan bizim umacağımız daha çoxdur.

Bizə yaxşı televiziya o mənada lazımdır ki, cəmiyyəti maarifləndirsin, onu dolğun və obyektiv şəkildə məlumatlandırsın, estetik dünyagörüşünün formalaşmasına kömək etsin. Əgər televiziya bu funksiyanı yerinə yetirirsə, bizim üçün yaxşı televiziyadır və cəmiyyətin ondan narazı qalması mümkün deyil”.

Qulu Məhərrəmli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən özəl televiziyalar bu gün pul qazanmaq üçün nə gəldi, necə gəldi, sensasiya məzmunlu materiallar hazırlayırlar:

“Kommersiya televiziyaları, əsas məqsədləri gəlir əldə etmək olduğu üçün, bəzən qeyri-peşəkar, sensasiya xarakterli materiallar hazırlayır. Xüsusən də onların şou proqramlarda ciddi qeyri-peşəkarlıq gözə çarpır. Həmin televiziya verilişlərində etik normaların pozulması, dil və davranışla bağlı ciddi problemlər var”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”