"Windows" parametrləri müstəqil olaraq dəyişdirə biləcək

"Microsoft" şirkəti "Windows 11" əməliyyat sistemində (ƏS) kompüter parametrlərini idarə etməyi öyrənəcək süni intellekt funksiyalarının genişləndirilməsini anons edib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Qeyd olunub ki, yaxın gələcəkdə istifadəçilər birbaşa cihazda işləyəcək süni intellekt agentindən istifadə edərək sistem parametrlərini idarə edə biləcəklər.
Yeni funksiya "Windows"un parametrlər interfeysinin təkmilləşdirilməsini qeyd edən və daha intuitiv sazlanma alətlərinə ehtiyac olduğunu bildirən istifadəçilərin rəylərinə cavab olaraq hazırlanır.
Süni intellekt agenti sadə mətn əmrlərindən istifadə edərək, siçan göstəricisinin ölçüsünü dəyişdirmək və ya səslə idarəetməni aktivləşdirmək kimi bir çox işi yerinə yetirməyə imkan verəcək. Sorğunu təhlil etdikdən sonra agent müvafiq hərəkətləri təklif edəcək və istifadəçi icazə verərsə, onları avtomatik yerinə yetirəcək.
İlkin mərhələdə bu xüsusiyyət "Snapdragon" prosessorları ilə təchiz edilmiş "Copilot+PC"lərdən istifadə edən "Windows Insider" proqramının iştirakçıları üçün beta testi kimi əlçatan olacaq. Gələcəkdə dəstək genişləndirilərək, AMD və "Intel" prosessorlu kompüterləri əhatə edəcək. Hələlik süni intellekt agentlərinin yalnız ingilis dilində dəstək təqdim edəcəyi bildirilib.
"Microsoft" şirkəti süni intellektə nəzarət etmək üçün hansı ƏS parametrlərinin mövcud olacağını açıqlamayıb.
"Cebheinfo.az"