Moskvada tutulan Elman Paşayevdən xəbər var

Moskvada tutulan Elman Paşayevdən xəbər var

Rusiyanın Moskva Hərbi Prokurorluğu azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı irəli sürülən ittihamları təsdiqləyib.

Modern.az-ın məlumatına görə, o, külli miqdarda dələduzluq və dələduzluq etməyə cəhd (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi) maddələri ilə təqsirləndirilir.

İstintaqın versiyasına görə, Paşayev 2024-cü ildə iş adamı Aleksey Blinovskidən onun həyat yoldaşı Yelena Blinovskayanın vergidən yayınma ittihamı ilə başladılmış cinayət işindən azad edilməsi üçün 300 min ABŞ dolları və 20 milyon rubl alıb. Lakin vəkilin bu prosesə təsir imkanı olmayıb və o, pulu mənimsəyib.

Bundan əlavə, 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər Elman Paşayev şəriki ilə birlikdə Petrozavodsk sakininin 15 milyon rublunu ələ keçirməyə cəhd edib. Əvəzində isə həmin şəxsə Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də pulların yuyulması ilə bağlı məsuliyyətdən yayınmaqda kömək edəcəyi vəd olunub. Bu razılaşma çərçivəsində Paşayev 10,5 milyon rubl və 500 min rubl dəyərində kompüter texnikası alıb.

Elman Paşayev 2024-cü ilin sentyabrındasaxlanılıb. Bu ilin mart ayında Rusiya İstintaq Komitəsi iş üzrə istintaqın başa çatdığını bildirib. Təqsirləndirilən şəxs özünü günahkar saymır.

Hadisə üzrə məhkəmə işi Donetsk Qarnizon Hərbi Məhkəməsinə göndərilib.

"Cebheinfo.az"