Qazaxın kəndləri qaytarılır: Ermənilər sərhəddən çıxır

Qazaxın kəndləri qaytarılır: Ermənilər sərhəddən çıxır

“Azərbaycana yeni ərazilərin verilməsi üçün hökumət gizli bir məqam-torpaq mülkiyyətçilərinə dövlət büdcəsindən kompensasiya verilməsi barədə qərar qəbul edib”.

“Cebheinfo.az”-ın məlumatına görə, Tavuş vilayətindən olan jurnalist Voskan Sarkisyan belə yazır.

Mayın 5-də Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan Ermənistan Respublikası Hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarı ilə ayrılmış vəsaitdən istifadə etməklə vətəndaşlara məxsus daşınmaz əmlaka dəymiş zərərin ödənilməsi üçün komissiya yaradılması barədə qərar qəbul edib.

O, özünü komissiyanın sədri, Tavuş vilayət administrasiyasından isə beş məmuru komissiyaya üzv təyin edib. 

"Bəs yuxarıda adıçəkilən hökumətin sərəncamında nə deyilir?

“Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə dəyişiklik və əlavələr edilib. Eyni zamanda, bu qətnamənin ikinci bəndi məxfiləşdirilib.

Bu, yalnız bir şeyi ifadə edə bilər: 2025-ci ilin dövlət büdcəsinə Tavuş vilayətindən Azərbaycana icarəyə verilmiş torpaq sahələrinin sahiblərinə pul kompensasiyasının ödənilməsi ilə bağlı dəyişiklik edilib.

Bundan əvvəl Ermənistanla Azərbaycan arasında demarkasiyanın yeni mərhələsinin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədində baş tutacağı rəsmən açıqlanıb. 

Söhbət Noyemberyan icmasının sərhəd zonasından - Cənubi Qafqazın üç respublikasının sərhədlərinin birləşdiyi Qoxb və Qalaça (Berdavan) kəndlərinin ərazisindən gedir.

Lakin çox güman ki, Karvansaray (İcevan) bələdiyyəsinin Uzunlu Poçt qəsəbəsi (Kayan kəndi), Önüt kəndi (Ayqeovit), həmçinin Barana bələdiyyəsinin Əskipara kəndindən (Noyemberyan) ərazilər Azərbaycana veriləcək. 

Bu ərazilərin verilməsi nəticəsində keçmiş Sovet dövründən qalan, əvvəllər azərbaycanlıların yaşadığı Sofulu və Barxudarlu, həmçinin Yuxarı Əskipara kəndlərinin ərazisində yolların çəkiləcəyi gözlənilir.

Təsadüfi deyil ki, son vaxtlar Ermənistan silahlı qüvvələrinin minatəmizləmə əməliyyatları zamanı aşkar olunmuş minaların məhv edilməsi üçün Uzunlu Poçt qəsəbəsi rayonunda partlayıcı işlərin aparılması həyata keçirilib", - deyə Sarkisyan qeyd edib.

Sözügedən məlumat Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı növbəti prosesə hazırlıq getdiyindən xəbər verir. Delimitasiya işlərinin 2024-cü ildə olduğu kimi bu dəfə də Qazax rayonunun Tavuş vilayəti arasındakı şərti sərhəd xətti istiqamətində aparılacağı gözlənilir.

Prosesin hansı illərin xəritələri əsasında həyata keçiriləcəyinə dair hələlik məlumat verilmir. Lakin delimitasiyanın istər 1976-cı ilin, istərsə də aid əvvəlki illərin  xəritələri əsasında aparılmasından asılı olmayaraq, Sovet dövründə Qazax rayonunun qanunsuz olaraq Ermənistana  verilmiş torpaqların geri qaytarılması üçün siyasi və hüquqi zəmin yaranıb. 

Ona görə söhbət heç də Ermənistana məxsus hansısa ərazilərin Azərbaycana verilməsindən getmir. Ermənistan Azərbaycana məxsus torpaqlara yiyələndikdən sonra orada qanunsuz məskunlaşma aparıb.

Hətta ötən il Ermənistan Dövlət Kadastr Komitəsi həmin sakinlərə saxta sənədlər əsasında torpaq sahələrinin verildiyini və onların bu ərazidə hər hansı mülkiyyət hüququnun olmadığını rəsmən bəyan etmişdi. Növbəti delimitasiya prosesində də çox güman ki, kompensasiya məhz qanunsuz məskunlaşmış sakinlərə ödəniləcək. 

Digər tərəfdən, sözügedən məqalədən aydın olur ki, delimitasiya zamanı Qazax rayonunun işğal altında olan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri Azərbaycana qaytarılacaq. 

Həmin kəndlərin eyni vaxtda, yoxsa iki mərhələdə qaytarılacağı hələlik dəqiq bəlli deyil. Yəni birinci mərhələdə Sofulu və Barxudarlı, ardınca isə Yuxarı Əskiparanın işğalına son qoyula bilər. Bütün hallarda həmin yaşayış məntəqələrində qanunsuz məskunlaşmış ermənilər ərazini tərk etməlidir.

Qeyd edək ki, işğal dövründə hər üç kəndin torpaq sahələri ermənilər tərəfindən özbaşına mənimsənilib. İndi onların torpaqları əsl sahibinə qaytarmasının vaxtı çatıb.

Görünür, Ermənistan hökuməti ötən il olduğu kimi narazılığın yaranmaması üçün həmin torpaqlarda təsərrüfat yaratmış erməni əhaliyə maddi təzminat ödəmək qərarına gəlib.Ermənistanın Azərbaycana hər hansı torpaqları icarəyə verməsi barədə Voskan Sarkisyanın iddiasına gəlincə, bu ağlabatan səslənmir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində  əldə olunmuş razılaşmaya əsasən delimitasiya prosesi Azərbaycan, Ermənistan və Gürcüstan sərhədinin qovşağındakı Babakar dağından başlanılmalıdır.

Müəllif isə həmin şərti sərhəd xəttinin Qoxb və Qalaça kəndlərinin ərazisinə düşdüyünü bildirir. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”