Tibb dünyası şokda- 19 yaşında bu xəstəliyə tutuldu

Çində bir klinikada çalışan nevroloqlar 2023-cü ildə 19 yaşlı bir oğlana Alzheymer diaqnozu qoyublar.
“Cebheinfo.az” xəbər verir ki, bu diaqnoz elm aləmində xəstəliyin ən gənc diaqnozu kimi rezonans doğurub.
Gənc xəstədə ilk əlamətlər 17 yaşında özünü göstərib. Dərslərinə diqqətini toplamaqda çətinlik çəkən gənc qısa müddət ərzində oxuma problemi, yaddaş itkisi və tez-tez əşyalarını itirmə kimi simptomlarla qarşılaşıb. Zaman keçdikcə vəziyyəti daha da pisləşib və artıq bir gün əvvəl baş verənləri belə xatırlamaqda çətinlik çəkib.
Aparılan beyin müayinələri nəticəsində yaddaşla əlaqəli əsas strukturlardan biri olan hipokampus bölgəsində kiçilmə müşahidə edilib. “The Paper” xəbər portalının məlumatına görə, beyin-onurilik mayesinin analizində də Alzheymer xəstəliyinə xas biomarkerlər aşkarlanıb. Bu tapıntılar onun gənc yaşına baxmayaraq diaqnozu təsdiqləyib.
Adətən yaşlılarda rast gəlinən Alzheymer xəstəliyi 65 yaşdan aşağı insanlarda “erkən başlanğıclı Alzheymer” kimi tanınır. Bu qrup ümumi Alzheymer xəstələrinin təxminən 10 faizini təşkil edir. Xüsusilə 30 yaşdan aşağı pasiyentlərdə xəstəliyin genetik mutasiyalarla əlaqəli olduğu bilinir. Bu gəncdə aparılan geniş genetik testlər nəticəsində heç bir məlum mutasiyaya rast gəlinməyib. Həmçinin onun ailəsində Alzheymer və ya demensiya keçmişi də olmayıb.
Gəncin yaddaş testlərindən əldə edilən nəticələr də diqqət çəkib. Onun qısamüddətli yaddaş göstəricisi yaşıdları ilə müqayisədə 87%, ümumi yaddaş səviyyəsi isə 82% daha aşağı olub.
Tədqiqat qrupunun üzvü, nevroloq professor Jianping Jia məsələ ilə bağlı deyib:
“Bu hadisə Alzheymer xəstəliyinin başlanğıc yaşı ilə bağlı düşüncələrimizi dəyişdirdi. Artıq bu xəstəlik yalnız yaşlılara deyil, gəncləra də təsir edə bilər”.
Araşdırmanın nəticələri 2023-cü ilin fevral ayında “Journal of Alzheimer’s Disease” adlı elmi nəşrdə dərc olunub. Mütəxəssislər bildiriblər ki, gənc yaşda rast gəlinən Alzheymer hallarının araşdırılması xəstəliyin yaranma mexanizmlərini daha dərindən anlamaq baxımından son dərəcə vacibdir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”