Bayram gecəsini faciəyə çevirən sürücüyə AĞIR CƏZA

Ötən il dekabrın 31-də gecə saatlarında Tovuzda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Əlimərdanlı kənd sakini 1990-cı il təvəllüdlü Azər Həsənova Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Bildirilib ki, Yeni il bayramı günü Azər evdə və qohumugildə spirtli içki qəbul edib və daha sonra “BMW” markalı avtomobilin sükanı arxasına keçərək yenidən araq almağa yollanıb. O, evinin 100 metr yaxınlığında qonşusuna aid “VAZ 2107” markalı avtomobili vurub. Daha sonra Azərin idarəetməsindən çıxan avtomobil “VAZ 2107”nin yanında dayanmış 5 nəfəri vurub.
Nəticədə həmin şəxslərdən 1955-ci il təvəllüdlü Həmid Tağıyev hadisə yerində, onun qardaşı nəvəsi 16 yaşlı Elmin Tağıyev isə xəstəxanada ölüb. 1965-ci il təvəllüdlü Yusifov Vilayət İbrahim oğlu, 1991-ci il təvəllüdlü Tağızadə Elnur Qəhrəman oğlu, 1999-cu il təvəllüdlü Tağıyev Elvir Elçin oğlu isə xəsarət alıb.
Vəfat edən şəxslərin yaxınları məhkəmədə hadisəni törətmiş Azər Həsənovu bağışladıqlarını deyiblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsi A.Həsənovu Cinayət Məcəlləsinin 263-1.4-cü və 264-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib. O, 8 il həbs cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin həbsdən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.
"Cebheinfo.az"