İnsan alverinin qurbanları: “İnsanın iradəsi, şəxsiyyəti və azadlığı...”

İnsan alverinin qurbanları: “İnsanın iradəsi, şəxsiyyəti və azadlığı...”

Son zamanlar cəmiyyətdə qadınlara və azyaşlılara qarşı zorakılıq halları ilə bağlı narahatedici məlumatlar yayılmaqdadır.

Buna misal olaraq, ötən gün azyaşlı qızla bağlı irəli sürülən iddialardır.

Məlumata görə, 14 yaşlı qız 7 yaşından etibarən xalasının himayəsində böyüyüb. İddialara əsasən, həmin müddət ərzində xalasının qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı kişi tərəfindən qeyri-etik davranışlara məruz qalıb.

Qızın təhsil almadığı, məktəbə göndərilmədiyi və oxuyub-yazmağı bilmədiyi də qeyd olunur.

Azyaşlının dediklərinə görə, o, qarşılaşdığı vəziyyətlə bağlı bir neçə dəfə qohumlarına məlumat versə də, ona əhəmiyyət verən olmayıb.

Bəs insan alverinin qurbanı olmuş qadınlarda ən çox rast gəlinən psixoloji simptomlar hansılardır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova bildirib ki, hər gün yanımızdan keçən qadınların bəziləri gülümsəsə də, gözlərində soyuq bir sükut var:

“Bu sükut nəinki səslənməyən çarəsizlikdir, həm də bir yardım çağırışıdır. Onların bəziləri bildiklərini dilə gətirmirlər, çünki çox zaman dinlənməyəcəklərini, ya da daha ciddi basqıya məruz qalacaqlarını bilirlər.

Bu gün Azərbaycanda insan alveri və məişət zorakılığı təkcə hüquqi yox, eyni zamanda ciddi bir psixoloji problemdir. Hər iki halda insanın iradəsi, şəxsiyyəti və azadlığı əlindən alınır. Ən acı tərəfi isə insan alveri qurbanlarının əksəriyyəti qadınlardır.

İnsan alveri bədəni satılan yox, ruhu susdurulan qadınlardır. İnsan alveri dedikdə bir çoxları yalnız fiziki istismarı düşünür. Lakin prosesin psixoloji yönü daha da təhlükəlidir.

Bu qadınlar illərlə manipulyasiya edilir, qorxu, təhdid və şantaj vasitəsilə itaətə məcbur olunurlar. Onlar öz seçimlərini itirir, psixoloji olaraq “məcbur edilmiş razılıq” vəziyyətinə düşürlər.

Bizim praktiki işimizdə insan alverinə məruz qalmış pasiyentlərdə daha çox özünü günahlandırma və dəyərsizləşdirmə, bundan başqa yuxusuzluq, panik ataklar, dissosiasiya, həmçinin, sosial fobiyalar, etimadsızlıq, izolyasiya kimi simptomlara rast gəlinib. Hətta bəzilərində zorakı ilə emosional bağ (travma bağı) da yaranır”.

Onun sözlərinə görə, bu hallarda travma yönümlü psixoloji dəstək vacibdir:

“Biz seanslarda öncə təhlükəsiz bir münasibət qurmağa çalışırıq. Qurban özünü mühakiməsiz bir məkanda hiss etdikdə yavaş-yavaş danışmağa, daxili ağrını ifadə etməyə başlayır.

Məişət zorakılığı sadəcə fiziki deyil, çox vaxt psixoloji və iqtisadi formada görünür. Qadının nə geyinəcəyinə, kimlə danışacağına, nə zaman hara gedəcəyinə qərar verən bir həyat yoldaşı artıq zorakı biridir.

Əgər qadın “o hirslənməsin deyə səsini çıxarmırsa”, bu, susqunluq yox, qorxu və məcburiyyətdir. Təcrübəmizdə belə hallarla qarşılaşan qadınlara tətbiq edilən psixoloji yanaşmalarda əsas addımlar bunlar olub. Zorakılığın tanıdılması və adlandırılması, yəni “Bu sənin günahın deyil” ifadəsi bəzən möcüzə təsiri yaradır. 

Həmçinin özgüvən və daxili güc üzərində şəxsi sərhədlərin bərpası problemi də var. Emosional tənzimləmə, yəni psixoloji dəstək proqramları ilə də onları geri qaytarmaq çox vacibdir”.

Psixoloq qeyd edib ki, bu kimi hallarda sağalmaq mümkündür, hər sağalan qadın bir başqasının ümidinə çevrilir:

“Nəticə üçün deyə bilərəm ki, hər sağalan qadın həm də gələcəkdə zorakılığa məruz qalmaq riski olan digər bir qadının ümididir. Bizim praktikada zorakılıqdan çıxıb normal münasibətlər qura bilən, yenidən işləyib övladını böyüdən, özünü tanıyıb dəyər verən qadınlar var.

Məhz hər böyük dəyişimin isə ilk addımı eşidilmək və inandırılmaqdır. Əgər kimsə insan alveri qurbanlarını dinlənilmirsə, o susmaq məcburiyyətində qalır. Susan hər bir qadın isə cəmiyyətin ürəyində səssizcə yanan bir gözdür”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”